“Petkim”də iki yeni müəssisənin yaradılması planlaşdırılır

“Petkim”də iki yeni müəssisənin yaradılması planlaşdırılır
10:07 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ “Petkim” neft-kimya kompleksində (Türkiyə, İzmir) Aromatiklər və Saf Tereftal turşusu (PTA) müəssisələrinin yaradılması nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu “Petkim Holding”in baş direktorunun layihələr və texniki xidmət üzrə müavini Bilal Quliyev bildirib.
“Petkim yarımadası ərazisində inşa olunan “STAR” Neft Emalı Zavodu (NEZ) istismara verildikdən sonra əldə edilən xammal əsasında yeni layihə həyata keçirməyi düşünürük. Bu layihə yeni Aromatiklər Fabrikidir. Bu fabrikdən əsasən paraksilol və benzol əldə ediləcək. Təqribən 800 min ton miqdarındakı paraksiloldan digər yeni müəssisədə 1,2 mln. ton saf tereftal turşusu istehsal olunacaq. Bu məhsul əsasən plastik qabların və tekstildə istifadə olunan fiber liflərin istehsalında xammal kimi istifadə olunur”, - deyə B.Quliyev qeyd edib.
Onun sözlərinə görə, Türkiyə ildə 700 min tona qədər tereftal turşusu idxal edir: “Yaxın 5 ildə bu məhsulun idxalının 1 mln. tonu ötəcəyi gözlənilir. Biz bu layihəni həyata keçirməklə Türkiyənin idxaldan asılılığını azaltmağı və “Petkim”in bazar payını artırmağı hədəfləyirik”.
“Petkim” rəsmisi qeyd edib ki, layihənin həyata keçirilməsi üçün Türkiyə hökumətinin də dəstək verəcəyinə ümid edilir: “Belə ki, Türkiyə hökuməti yeni Təşviq Paketləri hazırlayıb və idxalatı azaldacaq layihələrə strateji yanaşma mövcuddur. “Petkim”in maliyyə göstəriciləri yüksəkdir, ona görə də layihənin bir hissəsini özümüz qarşılaya bilərik. Bununla belə, layihəyə maraq göstərəcək potensial tərəfdaşlarla birgə müəssisələrin yaradılması imkanları da qiymətləndiriləcək. Türkiyə dövlət şirkətlərinin də hissədar olması istisna edilmir".
Onun sözlərinə görə, layihələrin hər birinin dəyəri təxminən 1 mlrd. dollar həcmində qiymətləndirilir. “Lakin dəqiq nəticələr Texniki İqtisadi Əsaslandırma tamamlandıqdan sonra məlum olacaq. Bu layihələr mərhələli şəkildə həyata keçiriləcək. İlkin olaraq Aromatiklər Fabriki istifadəyə veriləcək. Nəzərə alsaq ki, bir müəssisənin məhsulu digərinin xammalı sayılır, o biri müəssisənin də yaradılması mümkün qədər paralel həyata keçiriləcək. Məqsəd, Aromatiklər Fabrikindən gələn xammaldan Türkiyədə böyük tələbat olan tereftal turşusunu almaqdır”, - deyə B.Quliyev əlavə edib.
Baş direktorun müavini bildirib ki, müəssisələr mərhələli olaraq 2022-ci ildən sonra istismara veriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/petkim-de-iki-yeni-muessisenin-yaradilmasi-planlasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR