Sizin vicdanınızı da süpürgəçi təmizləməlidir?

Niyə hər yanından keçəndə, o hər cizgisində illərin yorğunluğu olan üzünü çevirirsən?

Nədir məni səndən ayıran, yaxud daha dəyərli edən? Bu özündənrazı yeriyişim, ya üstümdə səninkindən daha bahalı olan geyimim? Yaxud cəmiyyətin ən aşağı işində işlədiyinə dair fikirlərin? Bəs sən bilirsənmi bu tozlu şəhərin ən təmiz sakinisən? Sən hər gün səhər lap tezdən bu şəhəri sözdə yox, əməldə ağartmağa çalışansan. Sən ailəsi üçün rahat yolu yox, ən çətin və ən təmiz yolu seçənsən. Sən çox gözəlsən, gülüşünlə və əlində süpürgə tutmaqdan qabar bağlayan əllərinlə.

Bəli, sən gözəl və sevgi dolu gülürsən, hər səhər iş yoldaşlarınla zarafatlaşıb, yenə işini görməyə davam edərkən...

Hansı maaşla ölçmək olar ki dəyərini? Bu şəhərin əslində çoxdan yox olub gedən insanlığının vecsizcə öz artıqlarını tulladığı yolları hansı pul təmizləyər yerdən?

Ya da, de, mənə hansı işində səndən daha hətta çox daha yüksəkdə olan bir cənab, yaxud xanım “ay arvad, get o tərəfdə süpür, buranı toz eləmə” sözünə sinə gərib içində ağlaya bilər? Sən güclüsən, çünki hər səhər tozla dolu bu şəhərdən təmiz çıxıb evinə sevgi, evinə gözəllik aparırsan.

Xəbərin yoxdur bəlkə, amma bu tozdan, pislikdən qaralmış şəhərin hər səhər fəzaya verdiyi enerjinin mənbəyisən. Bəlkə, sənin çox bahalı paltarların, ən bahalı aksesuar yaxud bir konsertə geyinəcəyin hündürdaban ayaqqabın yoxdur. Dərd etmə, onlara sahib olanlarda da sən yoxsan.

Sən yoxsan onlarda, toz dolmasın deyə ağzına bağladığın o şərf də yoxdur. Yaxşı, sonuncu dəfə nə vaxt yerə atdığınız zibili təmizləyən o qadına təşəkkür etmisiniz?..

Yaxud heç zibil atmağınız vacib deyil, yerdiyiniz yolların tozunu udan o gözələ nə vaxt minnətdarlıq bildirmisiniz?

Öz aramızdır, hamımızda olmasa da, bəzilərimizdə bu xasiyyət var. Bir süpürgəçinin yanından keçəndə daha uca yaxud daha əyilməz bir özgüvənə sahib oluruq. Etməyək, belə. Özümüzü yaxşı hiss etmək istəyiriksə, bir səhər yaxınlaşaq onlara, əllərində daşımağa çətinlik çəkdikləri torbanı alaq, biz daşıyaq. Buna ayıracaq vaxtımız yoxdur? Cəmi bir neçə saniyəmizi alacaq, amma “təşəkkür edirəm, çox sağol” deyək..

Əmin olun bu cümlə yetəcək gün ərzində ikinizin də özünü yaxşı hiss etməsinə. Təbii ki, bunun üçün uca eqomuzu da qırmalıyıq. Onu qırıb, minnətdarlıq etdiyiniz an o qadın üzünü çevirməyəcək və bacarsanız bəlkə, onun üzündəki təbəssümü də görə bilərsiniz.

Rəvan Rəd


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR