Musiqili Teatrda yeni tamaşanın məşqlərinə başlanıb

Musiqili Teatrda yeni tamaşanın məşqlərinə başlanıb
15:42 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, beynəlxalq layihə olan Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşasının məşqləri uğurla davam edir.
Tamaşanın xoreoqrafı, Rusiyanın plastika üzrə məşhur rejissoru Sergey Gritsay yeni səhnə əsərinin yaradıcı heyəti ilə fərdi və kollektiv məşqlərə başlayıb: “Azərbaycan Dövlət Musiqili Teatrında “Balaca şahzadə”nin hazırlanmasıyla bağlı təklif mənim üçün çox qəfil və gözlənilməz oldu. Mən tərəddüdsüz bu təklifi qəbul etdim. Çünki Azərbaycanda teatrlara, ümumilikdə mədəniyyətə necə böyük bir dövlət dəstəyinin olduğunu bilirəm. "Balaca şahzadə"nin məşqləri çox gözəl atmosferdə davam edir".
Qeyd edək ki, yeni səhnə əsərinin bəstəkarı ABŞ-ı təmsil edən, bir sıra beynəlxalq müsabiqələrin laureatı, həmyerlimiz Ruslan Ağababayev, quruluşçu rejissoru xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, rejissoru əməkdar artist Nofəl Vəliyev, musiqi rəhbəri əməkdar artist, baş xormeyster Vaqif Məstanov, quruluşçu rəssamı Məryəm Ələkbərli, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor asisstenti Sevinc Məmmədovadır. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova məxsusdur.
Tamaşada rolları əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Anton Ferştandt, Şövqi Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Emil Heydərov, Atəş Qarayev və iki azyaşlı aktyor - Rahib Məmmədov və Atilla Məmmədov ifa edirlər.




Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/musiqili-teatrda-yeni-tamasanin-mesqlerine-baslanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR