Rusiyada azərbaycanlı və erməni birgə oyun şərh etdilər - VİDEO

Rusiyada azərbaycanlı və erməni birgə oyun şərh etdilər - VİDEO
21:52 2 May 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya Premyer Liqasında dünən keçirilən "Krasnodar" - "Anji" matçını (0:0) azərbaycanlı Elvin Kərimovla erməni Nobel Arustamyan birgə şərh ediblər. İstiPress xəbər verir ki, Arastamyan matçı şərhçilər otağından şərh edib, E.Kərimov isə meydançanın kənarından oyunda baş verənləri danışıb. Maraqlıdır ki, "Anji"nin baş məşqçisi erməni Aleksandr Qriqoryan, futbolçularından biri isə azərbayanlı Ayaz Quliyevdir.
Milli.Az istipress.com-a istinadən bildirir ki, hər iki şərhçi Rusiyanın "Matç" TV kanalında çalışır. Bu görüş həm sözügedən, həm də "Наш футбол" kanalı vasitəsi ilə yayımlanıb. Matçdan sonra E.Kərimov "Anji"nin baş məşqçisi Aleksandr Qriqoryandan müsahibə alıb.
Haqqin.az saytının yazdığına görə, bu şərhçilər 2013-cü ildə "Qalatasaray"la "Yuventus" arasındakı Çempionlar Liqasının matçını da birgə şərh ediblər və bu, uğurlu alınıb. E.Kərimov həmin oyundan sonra bildirmişdi ki, birgə şərhlərinin bəzi insanlarda mənfi reaksiya doğuracağını gözləyirmiş: "Amma buna əhəmiyyət vermədim. İnsanların milliyəti məni ən sonda maraqlandıran məsələdir".

Qeyd edək ki, Nobel Arustamyan 2015-ci ildə "Avro-2016"nın Azərbaycan və İtaliya komandaları arasındakı görüşünü şərh edəcəkmiş. Amma o, son anda bundan imtina edib. Onun ailəsi 1988-ci ilə qədər Azərbaycanda yaşayıb, sonra Moskvaya köçüb. Arustamyan babasının Dağlıq Qarabağda doğulduğunu bildirib. O, bir neçə dəfə Azərbaycanın işğal altındakı bu bölgəsinə səfər edib. Erməni şərhçi həmkarı olan bir çox idman jurnalistlərini Qarabağa gedərək orada təşkil edilən futbol turnirində iştirak etməyə çağırıb. Arustamyan Qarabağa qanunsuz səfər etdiyinə görə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sına düşüb.

Əlavə edək ki, E.Kərimov 2014-cü ildə "Qarabağ"la "İnter" arasında Avroliqanın son qrup oyunu zamanı Ağdam klubunun son dəqiqədə vurduğu qolun hesaba alınmamasına emosional reaksiya vermiş, bu qərarın komandanın və milyonlarla azərbaycanlı azarkeşin hissləri ilə oynadığını bildirmişdi. Ümumiyyətlə, xüsusilə "Qarabağ"ın matçları zamanı E.Kərimovun öz həmyerlilərinə pərəstişi açıq-aşkar sezilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR