Nazir: Cənub Qaz Dəhlizi region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq

Nazir: Cənub Qaz Dəhlizi region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq
09:22 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərliyi altında AR-in ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, eləcə də bir sıra yerli şirkətlərimizin nümayəndələrindən ibarət heyət 1-4 may tarixlərində ABŞ-ın Hyuston şəhərində keçirilən neft-qaz sahəsində tanınmış Dənizdə Texnologiyalar Konfransında (Offshore Technologies Conference/OTC 2017) iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konfrans çərçivəsində nazir Natiq Əliyev Azərbaycan-ABŞ Enerji Forumu və "Xəzər hövzəsində regional inkişaf: Azərbaycan, Qazaxıstan və Türkiyə enerji dəhlizi" mövzusunda seminarda çıxış edərək, ölkəmizin enerji potensialı, bu sahədə əldə etdiyi nailiyyətlər və həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhun neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri barədə ətraflı məlumat verib.

Nazir həmçinin, hazırda reallaşmaqda olan Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini, onun Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası ilə yanaşı, region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağını vurğulamışdır. Eləcə də o, bu layihənin uğurla başa çatdırılmasında ABŞ dəstəyinin vacibliyini qeyd etmişdir.

Eyni zamanda, Azərbaycanın enerji resurslarının inkişafı və dünya bazarına çıxarılmasında ABŞ şirkətlərinin rolunu vurğulayan nazir bu sahədə yeni əməkdaşlıq imkanları haqda bəhs etmişdir. Bundan başqa N. Əliyev çıxışında neft-qaz sənayesində və yataqların işlənilməsində ölkəmizdə tətbiq edilən müasir texnologiyalardan danışmış, bu xüsusda regionumuzda həyata keçirilən mürəkkəb layihələrin icrasında daha yeni texnologiyaların mənimsənilməsi üçün bu kimi sərgilərin təşkili və iştirakın faydasını söyləmişdir.

Səfər zamanı nazir N.Əliyevin həmçinin, ABŞ-ın hökumət rəsmiləri, o cümlədən ticarət nazirinin müavini Kenet Hyat, Hyuston şəhərinin meri Silvester Törner, İxrac-İdxal bankının yüksək vəzifəli nümayəndələri, habelə OTC sərgisində iştirak edən enerji sahəsində aparıcı şirkətlər olan ExxonMobil, BP, KBR, Statoil və digərləri ilə görüşləri keçirilmişdir. Qeyd edək ki, OTC sərgi və konfransında 100-dən çox ölkədən ümumilikdə 6000-ə yaxın nümayəndə heyəti, 100000-çox isə ziyarətçı iştirak etmişdir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2749413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR