TAP-ın Yunanıstan hissəsində ilk hidrotest tamamlanıb

TAP-ın Yunanıstan hissəsində ilk hidrotest tamamlanıb
14:17 3 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan hissəsində ilk hidrotest tamamlanıb.
“Report” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb: “Hidrostatik test kimi də tanınan bu üsul boru kəmərinin təhlükəsizliyini yoxlamaq üçündür. Kəmərin bütövlüyünü yoxlamaq və fəaliyyətə başladığı zaman təhlükəsiz əməliyyata əmin olmaq üçün boru kəməri su ilə doldurulub və əməliyyat prosesində nəzərdə tutulandan daha çox təzyiqdə yoxlanılıb".

Qeyd olunub ki, hidrotest boru kəmərinin Yunanıstan hissəsinin ilk 1,4 km-də tətbiq edilib. Məlumata görə, bu, ilk uğurlu yoxalamdan sonra boru kəmərinin digər hissələrində də ilin sonuna qədər yoxlama aparılacaq.
TAP-ın Yunanıstan üzrə ölkə meneceri Rikard Skufias bildirib ki, boru kəmərinin inşasının nəzərdə tutulan qrafikdən öncə irəliləməsindən sonra hidrotestin müvəffəqiyyətli olması digər böyük addımdır.
O qeyd edib ki, aprelin sonuna Yunanıstan hissəsinin inşasında istifadə olunması nəzərdə tutulan 32 min borudan 66%-dən çoxu alınıb: “Layihə marşrutunun 270 km-i təmizlənib. Boru kəmərinin 234 km-də borular düzülüb, 203 km-də qaynaqlanıb”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/tap-in-yunanistan-hissesinde-ilk-hidrotest-tamamlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR