"Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda II Respublika Elmi Konfransı keçirilib

"Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda II Respublika Elmi Konfransı keçirilib
14:29 3 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Konfransı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan bəhs edib. Sonra AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Heydər Əliyevin azərbaycançılıq təlimində ədəbiyyat və incəsənət məsələləri” adlı məruzə ilə çıxış edib. H.Əliyevin böyük şəxsiyyətini, Azərbaycan xalıqının taleyində və tarixindəki misilsiz xidmətlərini diqqətə çatdıran akademik İsa Həbibbəyli Ulu öndərin azərbaycançılıq təlimindən bəhs edib, ədəbiyyat və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açıb.

Daha sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin rəhbəri, akademik Teymur Bünyadov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən, keçdiyi şərəfli mübarizə yolundan, Ulu öndərlə bağlı xatirələrindən danışıblar.

Konfrans bölmələr üzrə işini davam etdirib.

Tədbirdə həmçinin, ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolunun, onun mükəmməl və müdrik siyasətinin nəticəsi olaraq respublikamızın qazandığı uğur və müvəffəqiyyətləri, dövlətçiliyimiz yolunda misilsiz xidmətlərini, elm, ədəbiyyat, incəsənətin inkişafı üçün göstərdiyi diqqət və qayğını əks etdirən təqdimatlar nümayiş etdirilib. Konfransda ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri, həmçinin Ulu öndərin müəllifi olduğu və ona həsr olunmuş kitablardan ibarət sərgi təşkil olunub.

Sonda Ədəbiyyat İnstitutunun Elektron konfrans zalında tədbirin yekun yığıncağı keçirilib, konfransın işi yüksək dəyərləndirilib. Səmərəli keçən konfransda iştirakçılara “Heydər Əliyev” döş nişanları təqdim edilib. Tədbirdə ən yaxşı 9 məruzə sahibinə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin imzası ilə diplomlar təqdim olunub. Həmçinin konfransın təşkil edilməsində fəal iştirak edən əməkdaşlar xüsusi sertifikatlarla mükafatlandırılıblar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2749599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR