"Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi"

Heydər Əliyev Mərkəzi mütəmadi olaraq paytaxt sakinləri və qonaqlar üçün Azərbaycan tarixini və mədəni irsini öyrənmək, təbliğ etmək istiqamətlərində bir sıra layihələr həyata keçirib. Burada müxtəlif sahələri əhatə edən həm ölkə əhəmiyyətli, həm də beynəlxalq konfrans, forum və digər tədbirlər təşkil olunub. Eyni zamanda, mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələrə xüsusi diqqət yetirilir.

Metbuat.az-ın məlumatına görə, bunu Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu gün Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan sərhəd mühafizəsi” mövzusunda keçirilən elmi-praktik seminarda deyib.

O bildirib ki, Mərkəzdəki bir sıra tədbirlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə həyata keçirilir. Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey də fəaliyyət göstərir. Burada müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin zəngin fəaliyyəti haqqında məlumatlar verilir.

A.Ələkbərov qeyd edib ki, Mərkəz Heydər Əliyev irsinin dərindən öyrənilməsi və gənc nəsilə çatdırılması, gənclərin tarixi keçmişinə bağlılığı, vətənpərvər ruhda böyüməsi ilə bağlı Heydər Əliyev məktəblərinin yaradılmasına başlayıb. Layihə çərçivəsində Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev İdarəçilik Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyev və Mədəniyyət və İncəsənət Məktəbi, Masallı rayon "Asan xidmət" mərkəzində Heydər Əliyev və İncəsənət Məktəbi yaradılıb. Heydər Əliyev gənc yaşlarından xüsusi xidmət orqanlarında çalışıb, Azərbaycan sərhədlərini qarış-qarış gəzib, Milli Sərhəd Strategiyasını yaradıb.

Qeyd edək ki, “Heydər Əliyev irsi: elmi-praktik seminarlar” layihəsinə 2014-cü il dekabrın 10-da start verilib. Mütəmadi olaraq müxtəlif mövzularda təşkil olunan seminarlar Heydər Əliyev irsinin yaşadılması, ümummilli liderin Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafındakı rolunun öyrənilməsi, gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətlidir.

Seminarda mühazirə ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev bildirib ki, Azərbaycan Sərhəd Mühafizəsinin ya­ranması, formalaş­ması və müasir səviyyəyə yüksəlməsi bilavasitə ümummilli liderin adı ilə bağlıdır. “Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır. Nə qədər ya­şayacaqsa, o qədər də onun sər­hədləri olacaq və o qədər də sər­hədləri qorumaq lazım olacaqdır”, – deyən ulu öndər hər zaman Azərbaycan sərhədçilərini xidməti qələbələrə ruh­landırıb.

E.Quliyev bildirib ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində müstə­qil­lik illərində əldə olunmuş nailiyyətlərin əsasını Heydər Əliyevin XX əsrin 60-cı illərindən başlayan ardıcıl fəaliyyəti təşkil edir:

"Heydər Əliyev SSRİ dönəmində sərhəd mühafizəsi və hərbçi kadrların hazırlanması məsələlərinə xüsusilə həssas yanaşıb. Bu münasibətin Azərbaycanın müstəqilliyinə hesab­lanmış uzaqgörənlikdən qay­naq­lanması da bir həqiqətdir. Tarixə nəzər salaq – SSRİ dövründə silahlı qüvvələrdə, Sər­həd Qoşun­ların­da milli kadrların xidməti inkişafına qeyri-rəsmi məh­dudiyyətlər ya­ra­dıl­dığı bir dövrdə Dövlət Təhlükəsizliyi Komi­təsi kimi qapalı bir qurumun tərkibində olan Sərhəd Qoşunlarında azərbaycanlı zabitlərin xidməti inkişafına ulu öndər tərəfindən xü­susi diqqət yetirilib, yüksək vəzifələrə irəli çəkilmələri təmin olun­ub. Belə ki, 1967-ci ilə qədər milliy­yətcə azərbaycanlı olan sərhədçilər sırasında yalnız 1 nəfər – Mustafa Nəsirov “pol­kovnik” rütbəsində olduğu halda, artıq 70-ci illərin sonunda bu rəqəm 10-a çatmışdı. O dövrdə Heydər Əliyevin gələcəyə hesablanmış qərar­larından biri də SSRİ Sər­həd Qoşunlarının Zaqafqaziyada ayrıca əməliyyat qo­şun his­sə­­sinin Bakıda yaradılması olub”.

E.Quliyev vurğulayıb ki, milli silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının pe­şəkar zabit heyəti ilə komplektləşdirilməsinə ünvanlanmış müs­təs­na əhəmiyyətli addımlardan biri də 1971-ci ildə Cəmşid Naxçı­van­ski adına hərbi məktəbin yaradılması olub. Azərbaycanlıların hər­bi peşələrə yiyələnməsini təmin etmək, milli hərbi kadrlar ye­tişdirmək məqsədilə təsis edilmiş, yaradıldığı gündən minlərlə hər­bçi hazırlamış, SSRİ dönəmində ittifaqın hər yerində qeyri-rəsmi olaraq “Heydər Əliyev məktəbi” kimi tanınan bu təhsil oca­ğının milli ordu quruculuğunda danılmaz xidmətləri var.

E.Quliyev bildirib ki, ümummilli liderin 1993-cü ildə Azərbaycan rəh­­bərliyinə qayıdışından sonra bü­tün sahələrdə olduğu kimi Sərhəd Qoşunlarında da mühüm islahatlar dövrü başlandı. İlk vaxtlar təcrübə­siz­lik, ixtisaslı zabitlərin çatışmazlığı çətinliklər yaratsa da, mülki həyatdan gəlmiş zabit və gizirlər sərhədçi peşəsinə yiyə­ləndilər. Ali Baş Komandanın çağırışı ilə sərhədçilərin böyük bir his­səsi könüllü olaraq torpaqlarımızın erməni işğalçılarından azad edil­məsi uğrunda döyüşlərə yollandı. Sərhədçilərdən ibarət xüsusi təyinatlı tabor Ağdərə istiqamətində mərdliklə vuruşdu.

E.Quliyev bildirib ki, müstəqillik yollarında uğurla addımlayan dövlətimizə qarşı yönəl­miş dövlət çevrilişi cəhdlərinin qarşısının alın­­­ma­sında da Azər­baycan sərhədçiləri Ali Baş Komandana və hərbi anda sa­diqlik nümayiş etdirdilər:

“Milli Sərhəd Qoşunlarının əsasən formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində görülmüş tədbirlər nəticəsində Rusiya Federasiyası və Gürcüstan ilə dövlət sərhədində Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəs­tələri yaradıldı, şəxsi heyətin dö­yüş hazırlığının yük­səldilməsi və qoşunların maddi-texniki təmina­tının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmağa başlanıldı. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd avia­si­yasının yaradılması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşı­laşdırılması üçün zəruri baza yaradıldı. Həmin dövrdə dahi öndərin siyasi məharəti və qətiyyətli möv­qeyi nəticəsində MDB-nin xarici sərhədlərinin birgə qorunma­sı adı altında əcnəbi sərhəd mühafizə qüvvələrinin ölkə ərazisində yenidən yerləşdirilməsinin qarşısı alındı və Azərbaycanın öz sərhədlərini müstəqil qorumağa qadir olması hamıya nümayiş etdirildi”.

General-polkovnik xatırladıb ki, Heydər Əliyev 2002-ci ilin iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidentinə birbaşa tabe olan, daha çevik və effektiv dövlət orqanının - Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzalayıb:

“Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət Sərhəd Xidmətinə yeni vəzifələr tapşırılıb və sərhəd təhlükəsizliyinin təminatı məsələləri ən yüksək səviyyədə həll olunmağa başlandı”.

E.Quliyev bildirib ki, bu gün Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti fəaliyyətin göstəricilərinə görə təkcə regionda deyil, Avro­pa miqyasında aparıcı mövqelərə çıxıb:

"Bu nailiyyət - müəllifi dahi öndər olan milli sərhəd təhlükəsiz­liyi strategi­ya­sı­nın Azər­baycan Respublikasının Prezidenti İlham Əliye­vin Ali Baş Komandanlığı altında həyata keçirilməsinin real nəticəsidir".

Qeyd edək ki, elmi-praktik seminarı canlı videobağlantı (telekörpü) vasitəsilə Heydər Əliyev Mərkəzinin Masallı rayonu “ASAN Həyat” kompleksi nəzdində yaratdığı Heydər Əliyev İncəsənət Məktəbində cənub regionunun fəal gəncləri də izləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR