Cahilliklərinə bağışlayın yiyəsiz itləri

Cahilliklərinə bağışlayın yiyəsiz itləri
18:24 3 May 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

 

Piyada keçidindən keçən itlərə həsr olunur. İnsanlarla hər hansı müqayisəsi istisna edilir.

 

Siz heç piyada zolağını və ya svetoforu qoyub, zolaqsız və ya svetoforsuz hissədən yol keçən yiyəsiz it görmüsünüzmü? Mən yox. Hətta özüm piyada yol keçəndə məni maşın gələn istiqamətə verib, addım-adım mənimlə yol keçən itlər görmüşəm. 

 

Amma ipindən yiyəsi tutan, oynaya-gülə-hürə qaydasız yol keçən nə qədər itlər gördüm.

 

Ümumiyyətlə, bilmirəm, bu yiyəsi olanlara itmi deyim?! Çünki bu it sözünün özü belə qəribədir. Müdrik xalqımız “Arxalı köpək qurd basar” deyib, onları fərqləndirib. Amma “Canı it canıdır” deyimini ötürüb dilimizə. Yəni, itlər bizdə həm gender, həm də sinfi diskriminasiyaya uğrayıblar tarixən.

 

Görünür, onlara qarşı bu diskriminasiyanı anladıqlarındandır ki, tək özləri üçün yox,  hətta insanlar üçün yazılmış qanunlara da riayət edirlər itlər. Qanunpərəst olurlar yiyəsiz itlər. Hər ehtimala qarşı.

 

Bir də adam sanki bir az qıcıq olur piyada zolağından keçməyən, restorana azıb girən, skamyanın üstünə tullanan küçə itlərinə - “Sən kimə güvənirsən axı?” - düşünür adam. “Ay it, get burdan!” - deyirsən.

 

Amma bir də cəsarət var sahibsiz itlərin belə cahil hərəkətlərində. Hayqırıq, etiraz kimi. Düzdür, çox dərinə getsə, it kimi gəbərdilirlər. Və heç kimin də vecinə olmur. Uzağı, bir itdir də. Yiyəsiz bir it. Yiyəsiz itdəki cəsarətə isə heç kəs cəsarət demir. “Yekəbaşlıq" və pardon, “qudurmaq" deyir.

 

Amma yenə də… Cahilliklərinə bağışlayın yiyəsiz itləri. İnsanlıq sizdə qalsın.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR