Prezident İlham Əliyev NATO Baş katibinin müavinini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də NATO Baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemi qəbul edib.

Tacan İldem NATO baş katibinin ictimai məsələlər üzrə müavini vəzifəsində Azərbaycana ilk dəfə gəldiyindən məmnunluğunu ifadə etdi, ölkəmizə sonuncu səfərindən iki il keçməsinə baxmayaraq, böyük bir inkişaf prosesinin şahidi olduğunu vurğuladı. Tacan İldem NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemin Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə etdi. NATO ilə əlaqələrə toxunan dövlətimizin başçısı ölkəmizin bu təşkilatla uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyini bildirdi, Azərbaycanın müxtəlif proqramlar, o cümlədən “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda həmişə etibarlı tərəfdaş kimi çıxış etdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir, eyni zamanda, Azərbaycan hərbiçiləri Əfqanıstanda təhlükəsizliyin təmin olunması işində iştirak edir, həmçinin Azərbaycan Əfqanıstanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirir.

Görüşdə Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarasi Dialoq Forumunun əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində rolu vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR