Gəncənin nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərində səfərdə olub

Gəncənin nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərində səfərdə olub
13:32 4 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 4 may. REPORt.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərinın meri Şota Murquliyanın dəvəti ilə “Kutaisi Günləri” tədbirində iştirak etmək üçün bu şəhərdə səfərdə olub.
Bu barədə "Report"a Gəncə ŞİH-dən məlumat verilib.
Məlumatda bildirilib ki, icra başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyətini Kutaisi şəhər meri Şota Murquliani rəsmi qəbul edib.
Görüşdə Azərbaycan ilə Gürcüstan, eləcə də ayrı-ayrı regionlarımız arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Şota Murquliya Gəncə və Kutaisi şəhərləri arasında 1996-cı ildə əsası qoyulmuş mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdiyini bildirib. 
E.Vəliyev deyib ki, Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi, Gəncə və Kutaisi şəhərləri arasında münasibətlərin davamlı olması və digər sahələrdə də inkişaf etdirilməsi üçün səylərini bundan sonra daha da artıracaqlar.
Görüşdə hər iki şəhər arasında həyata keçirilən qarşılıqlı səfərlərin, Gəncə və Kutaisi şəhərləri arasında əməkdaşlığa dair imzalanmış memorandumun əhəmiyyəti xüsusi qeyd olunub.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsulu Rəşad İsmayılov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev də iştirak ediblər.
Qeyd edək ki, XIX əsrdən başlayaraq hər il Gürcüstanın Kutaisi şəhərində adət-ənənəyə uyğun 1-3 mayda “Qviriloba” adlı şəhər günü kecirilir. Şəhər günlərində Gürcüstanın və dost ölkələrin incəsənət, mədəniyyət ustalarının, folklor, estrada ansambllarının konsertləri, festivallar, teatr tamaşaları, sərgilər təqdim olunur.
Gəncə ilə Kutaisi arasında ötən ilin iyun ayında qardaşlıq memorandumu imzalanıb. Şəhərlər arasında sıx əməkdaşlıq və dostluq əlaqələri günbəgün genişlənir, iqtisadi, mədəni inkişafa dəyərli töhfələr verir.
“Qviriloba-2017” tədbirində teatrlaşdırılmış səhnələr, gürcü xalq sənətkarlığı nümunələrindən, foto-şəkillərdən, əl işlərindən ibarət sərgilər nümayiş edilib.
Tədbir çərçivəsində Kutaisi şəhər Turizm Mərkəzinin açılışı olub. Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak edib.
Tədbir Kutaisi Dövlət Teatr Evində Qala konserti ilə davam edib. Konsertdə Kutaisi Dövlət Folklor ansamblının mahnı və rəqs nömrələri iştirakçılarda xoş ovqat yaradıb.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/gencenin-numayende-heyeti-gurcustanin-kutaisi-seherinde-seferde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR