Bu gün Suriya ərazisinin 4 təhlükəsizlik zonasına bölünməsi ilə bağlı sənədlər imzalanacaq. Bu sözləri Astana danışıqlarında Rusiyanın təmsil edən nümayəndə heyətinin rəhbəri, Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev qeyd edib.
Metbuat.az-a açıqlamasında isyasi şərhçi Vüqar Zifəroğlu bildirdi ki, artıq Rusiya, İran və Türkiyə nümayəndə heyətləri Suriyada deeskalasiya zonalarının yaradılması barədə memorandumun bəndləri ilə bağlı razılığa gəliblər:
“Məqsəd gərginliyin azaldılması və bu cür zonaların yaradılması ilə atəşkəs rejiminə nail olmaqdır. Əslində, Suriyada nüfuz dairələrinin müəyyənləşdirilməsi və bu dairələrin maraqlı tərəflər arasında bölüşdürülərək sülhə tam nail olanadək nəzarətdə saxlanılması planı uzun müddətdir ki, müzakirə masasına yatırılıb. Və əldə edilən bu razılaşma sadəcə həmin planın həyata keçirilməsi kimi qəbul edilməlidir. Lakin razılaşmanın kövrək olacağı ilə bağlı ciddi tərəddüdlər var. İlk növbədə, Qərbin, əsasən də ABŞ-ın bu razılaşmaya tam dəstək verməsi lazımdır ki, proses uğurlu nəticələr versin. Digər tərəfdən, İran və Rusiyanın Türkiyə ilə münasibətlərinin də yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi, razılaşmaya son dərəcə ciddi təsir edəcək məqamdır”.
Xəyalə Məmmədova / METBUAT.az