Yaz yorğunluğundan necə xilas olaq?

Fəsil yenilənməsi orqanizmdə bir sıra dəyişikliklərə yol açır və halsızlıq, yorğunluq kimi hallar özünü büruzə verir. Mütəxəssislər bu problemlərin yazın gəlişindən sonra təxminən 40 gün qədər davam etdiyini bildirirlər.

Psixoloq Fərqanə Mehmanqızı Metbuat.az-a açıqlamasında deyib ki, yaz mövsümündə depressiya hallarına daha çox rast gəlinir: “Depressiya zamanı insanda tez qıcıqlanma, aqressivlik, iştah pozğunluğu və ya həddindən artıq iştah, ümidsizlik, gələcəklə bağlı narahatlıq, özünəqapanma, özgüvənsizlik kimi hallar müşahidə olunur. Əgər bu hallar 2 həftədən çox davam edərsə, mütəxəssisə müraciət etməli, mütəxəssis tərəfindən həmin şəxs ciddi nəzarətə götürülməlidir. Bu vəziyyət eynilə və ya müxtəlif dərəcədə hər il təkrarlanarsa, xarakaterə keçə və daha ciddi problemlərə yol aça bilər”.

Psixoloq əlavə edib ki, depressiyaya səbəb günəş şüalarının təsirindən orqanizmdə yaranan melatonin hormunun miqdarında olan dəyişiklikdir ki, bu hormon insanın əhval-ruhiyyəsini tənzimləyir. Digər hormon isə “xoşbəxtlik hormonu” adlandırılan serotonin maddəsidir ki, mövsüm depressiyaları zamanı bu hormonun rolu böyükdür.

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, mövsüm dəyişikliyi ilə əlaqədar yorğunluğun əsas səbəbi avitaminozla (vitamin çatışmazlığı) bağlıdır: “Qışda meyvə-tərəvəz az qəbul edildiyi üçün yaza doğru insanlarda yorğunluq, halsızlıq halları özünü büruzə verir. Lakin çoxlu meyvə-tərəvəz qəbul etməklə, bədəni gücləndirməklə bu problemdən xilas ola bilərsiniz. Yorğunluğun digər səbəbi isə əzələ, qan dövranı və ürək-damar sisteminin atmosferdəki dəyişikliklərə qarşı reaksiyasının zəif olmasıdır. Bir müddətdən sonra hər şey qaydasına düşür. Əks halda mütləq mütəxəssislə məsləhətləşmək lazımdır”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR