Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirlərinin
üçtərəfli formatda keçirilən əvvəlki görüşlərində əldə edilmiş
razılığa əsasən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə
təlimlərinin növbəti mərhələsi hər üç ölkənin yüksək səviyyəli
müşahidəçilərinin iştirakı ilə keçirilib.
Publika.az xəbər verir ki, mayın 4-də “Yüksək Səviyyəli
Müşahidəçi Günü” çərçivəsində Müdafiə naziri general-polkovnik
Zakir Həsənovun, Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin
komandiri general-leytenant Mehmet Özoğlunun və Gürcüstan Müdafiə
Nazirliyinin briqada komandiri polkovnik Zurab Xviçianın rəhbərliyi
ilə nümayəndə heyətləri təlimlərin növbəti mərhələsini
izləyiblər.
Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə
edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən
şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən
tapşırıqların praktiki icrasını müşahidə ediblər.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimdə iştirak edən
bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib.
Birgə təlimlərin növbəti mərhələsi müvəffəqiyyətlə başa çatdıqdan
sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları
mükafatlandırıb və xatirə şəkli çəkdiriblər.