“Porsche” ilə adam öldürən 14 yaşlı oğlanı hansı cəza gözləyir?

“Porsche” ilə adam öldürən 14 yaşlı oğlanı hansı cəza gözləyir?
21:57 4 May 2017
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağəli Fərəcov avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vuraraq öldürüb.

Milli.Az bildirir ki, ölkə.az hüquqşünaslardan 14 yaşlı uşağı hansı cəzanın gözləməsi ilə bağlı açıqlama alıb.

"Əgər bir şəxs 14 yaşında cinayət törədibsə o yetkinlik yaşına, yəni, 16 yaşına çatmayan şəxsdir. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti az olur. Yetkinlik yaşına çatmayan şəxslər ümumi, ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmirlər, onlar möhkəm rejimli tərbiyə müəssisələrində cəza çəkirlər.

Həmin uşağa özü istəməsə belə dövlət tərəfindən vəkil təyin olunacaq. Həmin şəxs cinayət məsuliyyəti ilə mühakimə olunmağa yaş həddində belə deyilsə, istənilən halda hakim ona yüngül hökm oxuyacaq", - hüquqşünas Vüqar Səfərli deyir.

Digər hüquqşünas Tahir Əlirzayev isə bildirib ki, Cinayət Məcəlləsinə görə 16 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər:

"16 yaşı tamam olmayıbsa, o şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Onun barəsində tərbiyəvi tədbirlər görüləcək. Uşaqların tərbiyə müəssisələri var, 16 yaşı tamam olmayan şəxslər oraya yerləşdirilir. Bu isə cəza deyil.

Atanın səhlənkarlığı, ehtiyatsızlığı da müəyyən olunmalıdır. Əgər atanın səhlənkarlığı, ehtiyatsızlığı müəyyən olunarsa atanın məsuliyyəti yaranacaq. Əgər məlum olsa ki, atanın xəbəri olmadan uşaq gedib maşını götürüb sürübsə həmin uşaq cinayət məsuliyyətinə cəlb edilmir.

Uşağın vurduğu maddi və mənəvi zərərə görə valideyinləri məsuliyyət daşıyır. Uşağa cinayət məcəlləsi ilə cəza verilməyəcək".

Qeyd edək ki, A.Fərəcov biznesmen Fizuli Fərəcovun oğludur. F.Fərəcov əvvəllər Bakıxanov qəsəbəsindəki "'Badu kubə" restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq "MOHİTO" və "PARODİZ" klublarını, Novxanıdakı "Kalyon" restoranını tikdirib.

Hətta bir müddət əvvəl Bakı şəhər sakini Füzuli Fərəcov sözügedən obyektlərin tikintisində və təmirində çalışanların əməkhaqqını verməkdən imtina etdiyinə görə mətbuatda adı hallandırılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR