YUNESKO: "Bakı Forumu Azərbaycanın qədim tarixini əks etdirir"

YUNESKO: "Bakı Forumu Azərbaycanın qədim tarixini əks etdirir"
12:27 5 May 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın tarixini - ənənələr, mədəniyyət, mədəniyyətlərarası və dinlərarası dialoq tarixini əks etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda davam edən forum zamanı YUNESKO-nun baş direktoru İrina Bokova deyib.

İ.Bokova Forumda iştrak etməyin onun üçün böyük şərəf olduğunu deyib və Azərbaycan Prezidenti İlham Əlievə mədəniyyətlərarası dialoqun inkişafı sahəsində uzun illər rəhbərlik etdiyinə görə minnətdarlığını bildirib:

"Dünyanın bizim bölüşdüyümüz dəyərlərin möhkəmləndirilməsi üçün təhsilin, biliyin, mədəniyyətin, ünsiyyətin və elmin yumşaq gücünə ehtiyacı var".

Qeyd edək ki, Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu "Onlayn" Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilir.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/541932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR