"Xalçaçı günü" keçirildi

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramına həsr olunmuş I ümumrespublika konfransı keçirilib.

Metbuat.az xəbər verir ki, konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət edilib.

Konfrans öz işinə “Azərxalça” ASC-nin Mərkəzi Ofisində başlayıb. İştirakçılar və qonaqlar Cəmiyyətin fəaliyyətini əks etdirən sərgi ilə tanış olub. Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlif ölçülü xalçalarla yanaşı, Cəmiyyətin Füzuli filialının fəaliyyətini, regionlarda təşkil olunmuş tədris-hazırlıq kurslarını, beynəlxalq əlaqələrini, tikinti işlərini əks etdirən fotostendlər də nümayiş etdirilib. Konfransı giriş sözü ilə açan İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov “Xalçaçı günü” peşə bayramının ilk dəfə rəsmi şəkildə qeyd olunmasını Azərbaycan dövlətinin xalçaçılıq sahəsinə olan diqqətinin daha bir nümunəsi kimi dəyərləndirib, ölkəmizdə son illərdə bu istiqamətdə görülən işlər haqqında konfrans iştirakçılarına məlumat verib.

Ölkə prezidenti cənab İlham Əliyevin 1 may 2017-ci il tarixli sərəncamlarına əsasən, Azərbaycan xalçaçılıq sənətinin inkişafındakı səmərəli fəaliyyətinə görə təltif olunmuş 27 nəfər xalçaçıya orden və medallar təqdim edilib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Cəmiyyətin birillik istehsalat fəaliyyəti, bölgələrdə filial binalarının tikinti-quraşdırma işləri, peşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında “Azərbaycan brendi”nin tanıdılması istiqamətində görülən işlər, xalça çeşnilərinin elektron bazasının formalaşdırılması və zənginləşdirilməsi, Əyirici-boyaq fabrikinin yaradılmasına dair aparılan işlər və digər perspektivlər haqqında geniş hesabat məruzəsi ilə çıxış edib.

Bakı şəhəri ilə yanaşı, Şuşa, Ağdam, Bərdə, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Lənkəran, Lerik, Qazax və s. kimi rayonlarından olan xalçaçılar çıxış edərək, Azərbaycan dövləti tərəfindən xalçaçılıq sənətinə və onun nümayəndələrinə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər. Dövlətimizin bu sahədə yürütdüyü məqsədyönlü siyasəti nəticəsində xalçaçılığın Azərbaycan istisadiyyatının ən gəlirli və geniş miqyaslı sahələrindən birinə çevriləcəyindən əmin olduqlarını bildiriblər. Tədbirin sonunda “Azərxalça” ASC-nin əməkdaşlarından bəziləri fəxri fərmanlarla təltif olunub.

Aytən Novruzova Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR