Adam vuran yeniyetmə "sürücü" cinayət məsuliyyətinə cəlb ediləcək? - AÇIQLAMA

Adam vuran yeniyetmə "sürücü" cinayət məsuliyyətinə cəlb ediləcək? - AÇIQLAMA
17:42 5 May 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

İş adamı Füzuli Fərəcovun 15 yaşlı oğlu Ağəli Fərəcovun "Porsche Cayenne Magnum" markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə Bakıda yolu keçən 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq, öldürməsi cəmiyyətdə geniş müzakirələr yaradıb.

Sürücülük vəsiqəsi olmayan yeniyetməyə sənədsiz maşın sürməyə imkan verdiyinə görə ailəsi qınaq obyektinə çevrilib. O da məlum olub ki, bu, Ağəli Fərəcovla bağlı baş verən ilk xoşagəlməz hadisə deyil. Onun bu olaydan əvvəl də avtoxuliqanlıq etdiyi bildirilir.

Müzakirələrdə hamını bir sual düşündürür: hadisəni törədən yeniyetmə Ağəli Fərəcovun cinayət məsuliyyətinə cəlb ediləcəkmi?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Cinayət Məcəlləsinə əsasən 15 yaşına çatmış şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər.

"Qanunda göstərilib ki, qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, avtomobili zədələdiyinə, kiminsə avtomobilini qanunsuz ələ keçirdiyinə və yaxud avtomobil yolunu yararsız hala saldığına görə 15 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. 

Amma avtomobillə adam vurub öldürmüş 15 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Çünki yalnız 16 yaşlı şəxslər belə cinayət törətdiklərinə görə, məsuliyyətə cəlb olunurlar. Avto-qəza hadisələri ehtiyatsızlıqdan və səhlənkarlıqdan olur. Sübuta yetirilsə ki, bilə-bilə adamı maşınla vurub, onda avto-qəza yox, qəsdən adam öldürmüş sayılır. O zaman həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər".
 
Tahir Kərimli deyib ki, burada sürücünün, yəni atasının öz avtomobilini bilərəkdən həmin şəxsə verdiyi sübut olunsa, sadəcə olaraq inzibati qaydada cərimə oluna bilər.

"Bir də mülki qaydada dəymiş ziyanın ödənilməsi tələb oluna bilər. Burada tərəfin cinayət məsuliyyətə cəlb edilməsindən söz gedə bilməz. Çünki valideyn həmin hadisənin birbaşa iştirakçısı deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR