"Fəsillərin hikməti və ahəngi - Yaz" adlı sərgi-tamaşa müsabiqəsi keçirilib

"Fəsillərin hikməti və ahəngi - Yaz" adlı sərgi-tamaşa müsabiqəsi keçirilib
18:17 5 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 may. REPORT.AZ/ Təhsil Nazirliyi, "Milli Təhsil Texnologiyalar Mərkəzi" İctimai Birliyi (MTTM), "Pətək" İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə həyata keçirdiyi "Sağlam Təhsil" uşaq teatrı layihəsi çərçivəsində "Fəsillərin hikməti və ahəngi - Yaz" adlı sərgi-tamaşa müsabiqəsi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, TİKA, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, valideynlər iştirak ediblər.
Əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri "Pətək" İB-nin sədri Sevinc Əsgərova bildirib ki, uzun müddətdir çalışdıqları məktəblərin kollektivi ilə bir ailənin üzvləri kimi olublar. O, "Sağlam təhsil" uşaq teatrının davamlı layihə olduğunu, artıq bir neçə aydır davam etdiyini və hazırda "Yaz" mərhələsinə çatdıqlarını söyləyib. S.Əsgərova layihənin icrasına dəstək göstərən hər kəsə minnətdarlığını bildirərək, layihənin məqsədi haqqında məlumat verib: "Bu müsabiqə MTTM-nin "Sağlam Təhsil Sinifləri" arasında aparılır. Tədbirin keçirilməsində məqsəd yaz fəslinin başlanması ilə əlaqədar şagirdlərin təbiətdə baş verən dəyişikliklərə yaradıcı yanaşmalarını stimullaşdırmaq, hazırladıqları əl işlərinin, rəsmlərin üzərində işləmələrini təmin etməklə estetik zövqlərini formalaşdırmaq, oynaqdıqları obrazlar üzərində çalışmaqla təfəkkürlərinin inkişafına kömək etməkdir. Uşaqlarda ətraf mühitə və canlılara diqqət, mərhəmət, qayğıkeşlik, xeyirxahlıq, insansevərlik kimi dəyərləri aşılamağa çalışırıq".
Qeyd edək ki, yazıçı-dramaturq Əli Əmirli də tədbirdə münsiflər heyətinin üzvü qismində iştirak edib. Müsabiqənin münsiflər heyətində həmçinin MTTM İB-nin psixoloji blokunun rəhbəri Aynur Bünyatova, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Zöhrə İsmayılova, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Ombudsman Aparatında böyük məsləhətçi Ziba Məmmədova də təmsil olunub.
Şagirdlər "Ən yaxşı əl işi" və "Ən yaxşı tamaşa" nominasiyaları üzrə yarışıblar. "Sağlam Təhsil Sinifləri"ndə oxuyan uşaqların ən yaxşı əl işləri sərgilənib. Al-əlvan geyimlərdə olan körpələr tədbirə qatılan qonaqlara bitkilərin, meyvələrin faydaları haqqında məlumat verməklə özünüifadə bacarıqlarını sərgiləyiblər.
Tədbirin davamında yazın gəlişinin, təbiətin oyanışının hikmətindən bəhs edən videorolik nümayiş etdirilib. Daha sonra uşaqların iştirakı ilə "Yazın xəbərçisi", "Kiçik ayının nağılı" və "Yazın axtarışı" adlı üç maraqlı tamaşa nümayiş olunub.
Sonda əl işlərinə və tamaşalara görə 1, 2 və 3-cü yerin qalibləri mükafatlandırılıb, sinif müəllimlərinə hədiyyə və təşəkkürnamələr təqdim olunub. 




























Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/fesillerin-hikmeti-ve-ahengi-yaz-adli-sergi-tamasa-musabiqesi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR