“Bu, güc ssenarisini nəzərdə tutur” - ABŞ-dan Rusiyaya MÜHARİBƏ ELANI

“Bu, güc ssenarisini nəzərdə tutur” - ABŞ-dan Rusiyaya MÜHARİBƏ ELANI
18:23 5 May 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

“Uzaq Şərqdə Rusiya limanları üzərində ABŞ-ın nəzarəti haqqında qanun layihəsinin reallaşdırılması güc ssenarisini nəzərdə tutur və bu, müharibə elanına bərabərdir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsini şərh edən Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin başçısı Konstantin Kosaçev bildirib.

Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qanun layihəsinə görə, ABŞ administrasiyası Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların icrası kontekstində Rusiyaya məxsus Vladivastok, Naxodki və Vanino limanlarını xüsusi nəzarətə götürə bilər. Sənədə əsasən, ABŞ prezidenti qanunun qüvvəyə minməsindən sonra 180 gün ərzində Konqresə BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qərarını pozan limanlar və aeroportlar haqqında hesabat verməlidir. Qanun layihəsində həmçinin Çin, İran və Suriyanın da dəniz limanlarının nəzarətə götürülməsi əksini tapıb.

Daha əvvəl ABŞ Konqresi Şimali Koreya barəsində yeni məhdudiyyətlərin tətbiqini bəyəndi. BMT Təhlükəsizlik Şurasının qətnamələrin icrasına nəzarətin təminatı qanun layihəsinin əsas məqsədidir. Bu qətnamələr Koreya Xalq Demokratik Respublikasının başqa ölkələrlə ticarətini məhdudlaşdırırlar. Təhlükəsizlik Şurasının qərarları silahlar, raket, aviasiya, nüvə və başqa texnologiyaların Şimali Koreyaya çatdırılmasını qadağan edir.

Konqres tərəfindən qəbul edilmiş sənəd xüsusi halda, Uzaq Şərqdə Rusiya limanları üzərində mümkün nəzarət nəzərdə tutur. Qanun layihəsi Senatda da təsdiqlənməli, daha sonra prezident tərəfindən imzalanmalıdır.

“Bu qanun layihəsi, ümid edirəm ki, heç vaxt reallaşdırılmayacaq. Çünki onun reallaşdırılması bütün gəmilərin Amerika hərbi gəmiləri tərəfindən yoxlanılması ilə güc ssenarisini nəzərdə tutur. Bu isə müharibə elanı anlamına gəlir”, - Kosaçev deyib.

Senatorun sözlərinə görə, qanun layihəsi beynəlxalq hüquqa uyğun deyil. Kosaçev qeyd edib ki, ABŞ-ın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nəzarət etmək səlahiyyət yoxdur. Onun fikrincə, amerikalılar bütün doğru və yalanları ilə beynəlxalq qanunvericilik üzərində şəxsi hökmranlığını təsdiq etməyə çalışırlar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR