“Azərbaycan oğlu, naməlum əsgər” - 11 ŞƏHİD MƏZARI yaxınlarını gözləyir

“Azərbaycan oğlu, naməlum əsgər” - 11 ŞƏHİD MƏZARI yaxınlarını gözləyir
22:39 6 May 2017
193 Digər
Ölkə mətbuatı
A- A+

 
Müharibənin öz qanunları var. Bəzən olur ki, döyüş bölgəsində həlak olmuş döyüşçülərin nə adları, nə də yaxınları məlum olur. İmişlinin Şəmmədli məzarlığında dəfn olunan 11 naməlum şəhid döyüşçü kimi.
 
 
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, 90-cı ilin əvvəllərində Qarabağ müharibəsi zamanı şəhid olan əsgər, zabit və könüllülərin nəşi döyüş bölgəsinə yaxın rayonlara gətirilərək, məscidlərdə dini adət-ənənələrə uyğun rituallar yerinə yetirildikdən sonra yaxınlarına təhvil verilirdi. Kimliyi naməlum olan şəhid döyüşçülər isə xüsusi qaydada sənədləşdirilərək nömrəli məzarlarda dəfn edilirdi.
 
 
İmişli rayonu Qarabağ bölgəsinə yaxın rayonlardan olduğundan, rayon məscidləri həmin illərdə müharibə dəhşətlərinin qanlı izlərini “yumaqla” ağır bir vəzifənin öhdəsindən gəlirdi. Ən ağrılı məqam şəhid olmuş insanların naməlum əsgər və ya mülki şəxs kimi İmişlinin Şəmmədli məzarlığında dəfn edilməsi idi. Bir çox şəhidlərin yaxınları sonradan tapılsa da, bu günə kimi Şəmmədli qəbiristanlığındakı 11 məzarda uyuyan şəhid hələ də naməlum olaraq qalır. Başdaşılarına “Azərbaycan oğlu naməlum əsgər” sözləri yazılıb və nömrələnib. Həmin məzarlarda dəfn olunan döyüşçülərin meyitlərinin görüntüləri rayon icra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin arxivində saxlanılır.
 
 
Kənd sakini Səməd İsmayılov onların müxtəlif bölgələrdən olduğunu deyir: "İmişlilər burda dəfn olunan naməlum əsgərləri öz əzizləri hesab edir. Vaxtaşırı camaat gəlib onları ziyarət edir, onların abidəsi önündə baş əyirlər. Misal var, deyərlər “İgid ölər, adı qalar, ürəklərdə odu qalar”. Amma bu igidlərin biz adlarını tara bilməmişik. Onların şəkilləri də var. 500-ə qədər dərgi çar olunub və Azərbaycanın bütün rayonlarına göndərilib. Hələ də adlar naməlum olaraq qalır. Arzu edirik ki, onların adları məlum olacaq və ailələri bir təskinlik taracaq. Allah onlara rəhmət eləsin!"
 
 
İmişli rayon 3 saylı orta məktəbin direktoru Əmrahov Şahsuvar onların məzarlarının daim yad edildiyini bildirib: "Bu məzarlıqda uyuyan şəhidlərin adları məlum olmasa da, bir şey aydındır ki, onlar Azərbaycan oğullarıdır. Onların sahibləri Azərbaycan xalqıdır".
 
 
Birinci Qarabağ savaşından sonra bu gün də gözü yolda olanlar var. Kimlərsə itkin düşən yaxınının yolunu gözləyir, heç olmasa, harada dəfn olunduğunu bilmək istəyir. Bəlkə də bu məzarlarda uyuyan şəhidlər kimlərinsə itkin bildiyi və xəbər tutmadığı yaxınları, əzizləridir. Onlar Vətən torpaqlarını öz qanları ilə suvarıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR