Azərbaycanı Kiyevdə keçirilən “Eurovision” mahnı müsabiqəsində təmsil edən Dihaj (Diana Hacıyeva) tam hazır olduğunu bildirib.

Publika.az xəbər verir ki, Kiyevdə dünən beynəlxalq vokal musiqi müsabiqəsinin açılış mərasimi keçirilib. Müxtəlif ölkələrdən olan iştirakçılar dünya şöhrətli musiqi layihəsinin açılışında jurnalistlərin suallarını cavablandırıb.

Tədbir dünyanın 42 ölkəsindən olan iştirakçıların qırmızı xalıya çıxışı ilə başlayıb. Onların hər biri jurnalistlərin suallarını cavablandırıb və çıxışı barədə danışıb. “Eurovision 2017” müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva mayın 9-də Kiyevdə keçiriləcək birinci yarımfinalda çıxış edəcək.

Birinci yarımfinalda iştirakçılar aşağıdakı ardıcıllıqla çıxış edəcək: Avstraliya, Finlandiya, İslandiya, Çexiya, Kipr, Sloveniya, Latviya, Portuqaliya, Yunanıstan, Polşa, Moldova, Çernoqoriya, Albaniya, Belçika, isveç, Gürcüstan, Azərbaycan və Ermənistan.

Mayın 11-də, ikinci yarımfinalda Serbiya, Avstriya, Makedoniya, Malta, Rumıniya, Niderland, Macarıstan, Danimarka, İrlandiya, San-Marino, Xorvatiya, Norveç, İsveçrə, Belarus, Bolqarıstan, Litva, Estoniya və İsrailin iştirakçıları səhnəyə çıxacaq.

Mayın 13-nə təyin olunmuş finalda isə "Böyük beşlik" ölkələri İspaniya, Böyük Britaniya, Fransa, Almaniya, müsabiqənin ev sahibi – Ukraynanın təmsilçiləri, eləcə də yarımfinalın iştirakçıları səhnəyə çıxaraq mahnılarını səsləndirəcək.

Avropa yayımları birliyinin rəhbəri İnqrid Deltenre bildirib ki, "Eurovision" müsabiqəsinin siyasi oyunlar üçün istifadə edilməsi onu dərindən təəssüfləndirib:

"Müsabiqə milyonlarla insanı sevindirməyə xidmət etməli və birləşdirməlidir, daha onları bir-birinə qarşı qaldırmalı deyil. "Eurovision" tarixində hələ belə bir hal olmayıb ki, hansısa ölkə müsabiqəyə buraxılmasın".

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”-də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.

Avropa Yayım Birliyi Rusiya iştirakçısının peyk vasitəsilə çıxış etməsini və ya dəyişdirilməyi təklif edib, lakin Moskva rədd cavabı verib. Nəticədə Avropa Yayım Birliyi bəyan edib ki, Rusiya müsabiqədə iştirak etməyəcək, Birinci kanal isə müsabiqənin yayımından imtina barədə qərar qəbul edib.

Aytən