İTV-nin əməkdaşı "Kəlbəcər-Laçın regionu oykonimlərinin ərazi-məkan xüsusiyyətləri"ni araşdırıb - FOTO

İTV-nin əməkdaşı "Kəlbəcər-Laçın regionu oykonimlərinin ərazi-məkan xüsusiyyətləri"ni araşdırıb - FOTO
15:05 8 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda keçirilən geniş iclasda İnstitutun dissertantı Natiq Qubad oğlu Babayevin "Kəlbəcər-Laçın regionu oykonimlərinin ərazi-məkan xüsusiyyətləri" mövzusunda 5401.01 - "İqtisadi coğrafiya" ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. İclasa sədrlik edən coğrafiya üzrə elmlər doktoru Zakir Eminov N.Q. Babayevin dissertasiyanın mövzusunun aktuallığı, tədqiq etdiyi ərazi, işin nəzəri metodoloji əsasları, qarşıya qoyulan məqsəd və vəzifələr, müdafiəyə çıxarılan əsas müddəalar, işin təcrübi əhəmiyyəti, əldə olunan elmi nəticələr və təkliflər barədə iştirakçılara geniş məlumat verib. İddaçı N. Babayev çıxış edərək dissertasiya işinin əsas məzmunu, müdafiəyə çıxarılan müddəalar və əldə etdiyi elmi nəticələr haqqında danışıb.

Milli.Az bildirir ki, çıxış edən iclas iştirakçıları qeyd ediblər ki, başa çatdırılan toponimik tədqiqat işlərindən ən mühümü, xalqımızın tarixi keçmişi və etnik mənşəyi ilə bağlı iyirmi ildən artıq işğal altında olan bütün ərazilərin toponimlərinin toplanıb araşdırılmasıdır.

Məlumdur ki, vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın toxunulmazlığı həm də buradakı coğrafi adlarda təsbit olunur. Bu məqsədlə işğal altında olan ərazilərimizin, tarixi torpaqlarımızın Azərbaycanlılara məxsus olmasını sübut etmək üçün (xüsusilə oykonimlərin) tarixi məxəzlərə söykənən elmi tədqiqatlara daim ehtiyac duyulur. Azərbaycanın ən qədim məskənlərindən biri olan Kəlbəcər-Laçın regionunun toponimiyasının (oykonimlərinin) öyrənilməsi aktual olmaqla yanaşı, mühüm elmi və praktik əhəmiyyətə malikdir. Bu regionun işğal altında olması isə dissertasiya işinin əhəmiyyətini daha da artırır.

N.Babayev bir tədqiqatçı kimi yazdıgı dissertasiya işində Kəlbəcər-Laçın regionuna aid çox saylı oykonimləri tədqiq etməklə, bu ərazidəki tarixi yaşayış məntəqələri haqqında ətraflı təssəvvür yaratmaga nail olub.

Tədqiqat işində ərazinin və ya bölgənin coğrafi obyekt adlarının tədqiqindən alınan nəticələr olduqca əhəmiyyətli və aktualdır.

N. Babayevin oykonimiyaya həsr etdiyi araşdırmanın yerinə yetirilməsində coğrafi-tarixi müqayisə, linqivistik, statistik, etioloji və etimoloji metodlardan istifadə olunub.

Tədqiqat işi təxminən 10 ilə yaxın bir müddət ərzində iddiaçının apardığı araşdırmaların nəticəsidir.

İclas iştirakçıları qeyd ediblər ki, dissertasiya müstəqil elmi tədqiqat işidir və Babayev Natiq Qubad oğlunun illər ərzində apardığı tədqiqatlara əsaslanır. Buradakı məsələlərin qoyuluşu, onların həlli istiqamətləri, verilən elmi müddəalar ona məxsusdur. Dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin qoyduğu tələblərə cavab verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR