Səfirdən Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə CAVAB

Səfirdən Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə CAVAB
16:12 8 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

22 aprel tarixində Argentinanın Clarin qəzetində "Qarabağ-Cənubi Qafqaz burulğanında öz kimliyini müdafiə edən yazıq xalq" başlıqlı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən məqalə dərc edilib.

Azərbaycan XİN-dən Milli.Az-a verilən məlumata görə, buna cavab olaraq həmin mətbuat orqanında Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun cavab məqaləsi dərc olunub. Cavab məqaləsində Rəşad Aslanov bildirib:

"Məqalənin bir ölkə tarixinin saxtalaşdırılmasının, separatizmin, aqressiya və işğalçılığın təşviqinin təmiz nümunəsi olduğunu deyərdim. Təəssüf edirəm ki, məqalədə Azərbaycan və Ermənistan arasındakı münaqişə barədə məlumat tamamilə qərəzli şəkildə təqdim olunur.

Məqalədə Azərbaycan və onun Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi barədə verilmiş yanlış məlumatlara dəqiqlik gətirməyi zəruri hesab edirəm. İlk növbədə qeyd etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsi məqalədə ifadə olunduğu kimi müsəlmanlar və katoliklər arasında olan dini münaqişə deyildir (erməni kilsəsinin rəsmi adı Erməni Apostolik Kilsəsidir. Müəllifin qeyd etdiyi kimi Katolik deyil).

Azərbaycan xalqı əsrlərdir ki, dini tolerantlıq və müxtəlifliyə malik bir cəmiyyətə sahibdir. Papa Fransiskonun da bəyan etdiyi kimi, Azərbaycanda müxtəlif dinlərə etiqad edən yəhudilər, xristianlar və müsəlmanlar  sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Bundan başqa, adı azərbaycanca "qara" və "bağ" sözlərinin birləşməsindən yaranan Qarabağ bölgəsinin tarixi haqqında məlumat vermək istərdim. XIX əsrin əvvəllərində Rusiya imperiyasının işğalına qədər bu bölgə əsrlər boyu müxtəlif Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olmuşdur.

Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi Rus və İran arasında imzalanan 1813-cü ildə Gülüstan və 1823-cü ildə Türkmənçay müqavilələrindən sonra başlanmışdır. Daha sonra ermənilər Azərbaycanın torpaqları hesabına məskunlaşdıqları əraziləri genişləndirməyə və azərbaycanlıları öz doğma torpaqlarından çıxarmağa nail olmuşlar. Bu prosesin davamı nəticəsində hətta Sovet hakimiyyəti dövründə də Azərbaycan ərazisi 114,000 kv.km-dən 86,000 kv.km-ə qədər azalmışdır.

Məqalədə qeyd olunan qanunsuz "referendum"a gəldikdə isə bu əməl Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüququn norma və prinsiplərini pozur, belə ki, bu heç bir hüquqi əsasa malik deyil. Eyni zamanda, bu qondarma "referendum" işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və təhdidi, etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilmişdir".

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/542794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR