Küçədə insan ovuna çıxan sahibsiz itlər – onlara niyə “dur” deyən yoxdur?

Küçədə insan ovuna çıxan sahibsiz itlər – onlara niyə “dur” deyən yoxdur?
16:13 8 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonu, Binəqədi qəsəbəsində 3 yaşlı Fəridə Babayevanın qulağını it dişləyib. Qonaq getdiyi evdə nəzarətsiz qalan Fəridə hadisədən sonra xəstəxanaya yerləşdirilib.

Onun yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyə şöbəsindən Publika.az-a azyaşlının ciddi psixoloji və fiziki travma aldığı bildirilib. Qulağı yerinə bərpa edilsə də, onun vəziyyəti hələ ki yaxşı deyil.

Təxminən 1 ay əvvəl də paytaxtda 2 gün ərzində 8 nəfər sahibsiz itlərin hücumuna məruz qalmışdı. Havaların isinməsi, küçədə sahibsiz heyvanların aktivləşməsi günün istənilən saatında onları paytaxt sakinləri üçün təhlükəyə çevirib. Hətta bu səbəbdən uşaqlar təkbaşına həyətə çıxmasından belə ehtiyat edirlər. Bu ilin statistikası bəlli olmasa da, ötən il 17 min insanı heyvan dişləyib ki, onların 92 faizi itlərin payına düşür.

Bir sözlə, sahibsiz heyvanlar paytaxt sakinlərinin normal həyat şəraitini çətinləşdirir. Bəzən problemdən çıxış yolu kimi onların küçədə öldürülməsi hallarını da müşahidə edirik. Lakin bu, doğru seçim deyil. Hər iki tərəfin canlı olması və vəziyyətdən daha az zərərlə xilas olması üçün sahibsiz heyvanlarla bağlı alternativ tədbirlərə ehtiyac var.

Məsələyə münasibət bildirən “Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə Publika.az-a problemin illərdir həll edilməməsinin səbəbinin aidiyyəti qurumlarda gördüyünü deyib. M.Rəsulzadə insanların heyvanlara münasibətinin onu narahat etdiyini vurğulayıb: “Əlbəttə, itin 3 yaşlı uşağı dişləməsi və ailəsinin onu nə üçün nəzarətsiz qoyması da məni narahat edir. Heyvanların hüquqlarının müdafiəsi qədər, azyaşlı uşağın da belə bir hadisə yaşaması problemdir. Bu problemin illərdir həll edilməməsinin səbəbi aidiyyəti insanların öz yerində olmaması, işlərini düzgün görməmələri ilə bağlıdır. İşi görmək istəyən insanlara da imkan yaradılmır. Hazırda bu işi könüllü təşkilatlar yerinə yetirməyə çalışır, lakin onların maddi dəstəyə ehtiyacı var. İstək olsa, bu işi yoluna qoymaq çətin məsələ deyil. Reallıq göstərir ki, təbiətlə müharibə apararaq, şiddət aşılamaqla problem həll etmək olmaz. Təkcə, dövlət qurumları deyil, adi vətəndaşlar tərəfindən də artıq heyvanalara qarşı şiddət tətbiq edilir. Hazırda sahibsiz heyvanlarla icra hakimiyyəti tabeliyində aidiyyəti idarələr məşğul olur. Əvvəl bu işlər baytarlıq xidmətinin nəzarətində idi, düzdür, onların da fəaliyyəti ürəkaçan deyildi. Ola bilər ki, icra hakimiyyətləri ilə baytarlıq xidməti birlikdə bu işlə məşğul olsun. Əlbəttə, bu işi bələdiyyələrə də həvalə etmək olar, lakin onların fəaliyyəti göz önündədir. Buna görə də, hazırkı durumda heyvan sığınacaqlarının icra hakimiyyətləri tabeliyinə verilməsi daha doğrudur, amma baytarlıq xidməti bu işə cəlb edilə bilər”.

Küçə heyvanlarının yerləşdirilməsi üçün sığınacaqların yetərli olmasına gəldikdə, M.Rəsulzadə bu sahədə çatışmazlıqların olduğunu deyir: “Küçədəki heyvanların İcra Hakimiyyətinin aidiyyəti qurumu tərəfindən Balaxanıya yerləşdirilir. Oradakı müəssisəyə gətirilən heyvanlar, adətən, yaralanmış olur. Ora könüllər getməsə, nə qida, nə təmizlik işləri aparılır. Dolayısı ilə orada da heyvanlar ölümə məhkum olur. Balaxanıda müvəqqəti 50 heyvan saxlamaq mümkündür. Ondan sonra heyvanlar daimi sığınacağa ötürülməlidir. Çünki ora heyvan saxlamaq üçün yer deyil. Bizim kimi təşkilatlar bu heyvanların sığınacaqla təminatı ilə məşğul olur, amma çətinliklər var. Hesab edirəm ki, bu işlə məşğul olan könüllülərin fəaliyyətinə imkan yaratmaq lazımdır. Onlara imkan yaradılsa, həqiqətən də böyük işlər görə bilərlər. Onların cibi boşdur, amma enerjiləri çoxdur”.

Bakı Şəhər İcra hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Səbuhi Seyidov Publika.az-a idarə əməkdaşlarının bütün gün ərzində sahədə olduğunu bildirib: “Sakinlərin müraciəti əsasında bizim idarənin əməkdaşları briqadalar şəklində ərazidə olur, itləri oradan götürüb, Balaxanıdakı sığınacağa yerləşdirirlər. Hazırda orada 4-5 min it var. Orada bu heyvanların yerləşdirilməsi üçün lazımi imkan var. Bununla yanaşı heyvanlar həm də İDEA İctimai Birliyinin də sığınacağına yerləşdirilir”.

Tədbirlər görüldüyü halda küçələrdə sahibsiz itlərin sayının bu qədər çox olmasına gəldikdə, S.Seyidov gün ərzində azı 50 itin Balaxanıya aparıldığını deyib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/198001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR