Səhiyyə Nazirliyi bəzi baş həkimlərə xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi bəzi baş həkimlərə xəbərdarlıq etdi
17:34 8 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

“15 noyabr 2016-ci il tarixindən əlilliyin qiymətləndirilməsində ekspertiza və reabilitasiya alt sisteminə keçiddən sonrakı 4 ay ərzində əlilliyin təyini ilə bağlı tibb müəssisələrindən Tibbi-sosial ekspert komissiyalarına verilən göndərişlərin (F-088U) sayı, xüsusən, əsassız göndərişlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb”.

 

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov  Səhiyyə Nazirliyində əlilliyin və sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi və təhlilinə həsr olunmuş kollegiya iclasında deyib.

 

G.Poladov bildirib ki, əlilliklə bağlı göndərişlərin elektron formada verilməsinə keçildikdən sonra tibbi-sosial ekspert komissiyalarına həmin müddət ərzində 21 minə qədər göndərişlə müraciət edilib: “ Onlardan cəmi 8519 nəfərə əlillik verilib. 8 248 halda əlilliyin təyinindən imtina olunub, 3 159 halda isə göndəriş düzgün doldurulmadığı üçün geri qaytarılıb. Ötən müddət ərzində Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin ümumi sayına görə ilk yerləri tutan tibb müəssisələrindən – 131 min nəfər əhaliyə xidmət göstərən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından (RMX) 574, 31 min nəfərə tibbi xidmət göstərən 21 saylı Ramana Birləşmiş Şəhər Xəstəxanasından (BŞX) 411, 95 min əhaliyə xidmət göstərən Balakən RMX-dən 385 “forma 088” verilib”.

 

G.Poladov bildirib ki, hesablamalara görə, bir ay ərzində hər 10 min nəfər əhaliyə verilən “forma 088”lərin sayının ölkə üzrə orta göstəricisi təxminən 5-6-ya bərabərdir: “Əfsus ki, bəzi tibb müəssisələri orta göstəricilərdən 6-7 dəfə çox göndəriş verib. Beləliklə, məhz bu müəssisələrin hesabına ölkə üzrə orta göstərici də yüksəlib. 2017-ci ilin yanvar ayında 21 saylı BŞX orta ölkə göstəricisini 7,9, 15 saylı Şəhər Poliklinikası (ŞP) 4,5, 22 saylı ŞP 4,1, Ağcabədi, Saatlı və Balakən rayonları isə təxminən 3 dəfə üstələyib. Bu tibb müəssisələrinin baş həkimlərinin hər biri yanvar ayında ayrı-ayrılıqda Tibbi yardımın təşkili şöbəsinə dəvət olunub və onlara şifahi xəbərdarlıq edilib. Ağcabədi RMX Poliklinika şöbəsinin müdiri isə tutduğu vəzifədən azad olunub.
3 aylıq dövrün təhlili isə göstərir ki, 21 saylı BŞX orta ölkə göstəricisindən 7,9, 4 saylı ŞP 4,8, Ağcabədi RMX 4,6, 22 saylı ŞP 3,5 dəfə çox “forma 088” göndərib”.


Şöbə müdiri vəziyyəti müqayisəli göstərmək üçün bildirib ki, araşdırılan müddət ərzində Bakı və Bakıətrafı qəsəbələrdə təxminən eyni sayda əhaliyə tibbi xidmət göstərən 31 saylı BŞX-dən cəmi 15, 24 saylı ŞP-dan 18, 11 saylı BŞX-dən 21, 19 saylı BŞX-dən 22 xəstəyə “forma 088” verilib.


G.Poladov qeyd edib ki, Balakən RMX 55 xəstəyə 2 dəfə, 10 xəstəyə 3 dəfə, 1 xəstəyə hətta 5 dəfə, 21 saylı Ramana BŞX 48 xəstəyə 2 dəfə, 4 xəstəyə 3 dəfə, 1 xəstəyə isə 4 dəfə təkrar “forma 088” verib.


Şöbə müdiri qeyd olunanları nəzərə alaraq, əlilliyin müəyyən edilməsinə nəzarətin gücləndirilməsi və bu işdə yol verilən ciddi çatışmazlıqların aradan qaldırılması məqsədilə bəzi konkret təklifləri diqqətə çatdırıb: “ Belə ki, bu çatışmazlıqların aradan qaldırılması üçün tibb müəssisələrində fəaliyyət göstərən Həkim məsləhət komissiyalarının əmək qabiliyyətinin itirilməsinin ekspertizası sahəsində peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ciddi tədbirlər görülməsi zəruridir. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən əsassız hesab edilmiş göndərişlər mütəmadi olaraq tibb müəssislərinin tibbi şurasında təhlil olunsun, işində nöqsanlara yol vermiş tibb işçiləri barədə müvafiq intizam tədbirləri görülsün və nəticəsi barədə Tibbi yardımın təşkili şöbəsinə məlumat verilsin, eləcə də həkim məsləhət komissiyalarının işinə zəif nəzarət etdiklərinə və əlilliyin müəyyən edilməsi işində yol verdikləri nöqsanlara görə tibb müəssisələrinin baş həkimləri barədə intizam tədbirləri görülsün”.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR