Tillersonun ilk ağır səfəri: Moskvada aparılan gərgin müzakirələr

Tillersonun ilk ağır səfəri: Moskvada aparılan gərgin müzakirələr
19:37 8 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikanın yeni administrasiyasının xarici siyasətdə tutacağı xətlə bağlı ekspertlər təhlillərini davam etdirirlər. Açığı, hələlik onlar konkret nəticəyə gələ bilməyiblər - qiymətləndirmələr fərqlidir.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, bu, xüsusilə dövlət katibi Reks Tillersonun Moskvaya səfərindən sonra daha aydın özünü göstərib. Amerika diplomatiyasının şefi Sergey Lavrovla beş saatdan çox, Vladimir Putinlə isə iki saat müzakirə aparıb. Lakin onlar konkret müsbət nəticələr əldə etmək üçün yetərli olmayıb. Bir sıra ekspertlər bu vəziyyəti Vaşinqtonun xarici siyasətindəki qeyri-müəyyənliklə əlaqələndiriblər. Ancaq bu, məsələyə birtərəfli yanaşma olardı. Problemlər daha geniş kontekstdə yanaşma əsasında həllini tapa bilər. Bu barədə isə hələlik Vaşinqton-Moskva xəttində danışan yoxdur. Onlar öz maraqlarını üstün tutaraq, geosiyasi mübarizəni davam etdirəcəkləri siqnalını veriblər.

Kəskin problemlər: uzun sürən nəticəsiz müzakirələr

ABŞ-ın dövlət katibi Reks Tillersonun Moskvaya səfəri yalnız iki supergücün qarşılıqlı münasibətlərinin dinamikası ilə şərtlənmirdi. Hazırda Yaxın Şərq, Şərqi Avropa və Uzaq Şərqdə geosiyasi vəziyyətdə xeyli gərgin məqamlar meydana gəlib. Onlara yanaşmada Vaşinqtonla Rusiya arasında xeyli fikir ayrılıqları mövcuddur. Məhz onların müzakirəsi tərəflərin bir araya gəlməsini tələb edirdi. Yaranmış vəziyyət o dərəcədə mürəkkəbdir ki, əvvəlcə prezident Vladimir Putin Reks Tillersonla görüşməkdən imtina edib. Lakin sonradan razılıq əldə olunub. Ancaq bu, Sergey Lavrovla Reks Tillerson arasındakı müzakirələrin əhəmiyyətini qətiyyən azaltmayıb. Onlar beş saatdan çox gərgin müzakirə aparıblar. Görüşdən sonrakı brifinqdə nazirlər yorğun görünürdülər. Əlavə olaraq, nazirlər V.Putinlə iki saat müzakirə aparıblar (bax: Тиллерсон приехал вовремя, но зря / "Независимая газета", 12 aprel 2017).

Gündəmin bu dərəcədə ağır olması təsadüfi olmayıb, əksinə, meydana gəlmiş problemlərin mürəkkəbliyinin əlamətidir. R.Tillerson və S.Lavrovun özləri etiraf ediblər ki, bir sıra məsələlər üzrə fikir ayrılıqları qalır və onları yenidən müzakirə etmək fikrindədirlər (bax: Игра на повышение / "Lenta.ru", 13 aprel 2017). ABŞ-Rusiya danışıqlarının əsas bəndlərinə nəzər saldıqda, məsələlərin razılaşdırıla bilinməyən tərəflərinin çox ciddi olduğu qənaətinə gəlmək olar. Onlar birbaşa geosiyasi problemlərə aiddir. Burada Suriya, Ukrayna və Şimali Koreya məsələləri ön sırada yerləşir.

Tərəflər daha çox Suriyadakı vəziyyətə diqqət yetiriblər. ABŞ-ın dövlət katibi hələ səfərdən öncə bəyan etmişdi ki, Rusiya iki yoldan hansını - Vaşinqtonumu, yaxud Dəməşqi seçdiyini dəqiqləşdirməlidir. Ölkələr arasındakı münasibətlər bu seçimə görə müəyyənləşəcək. Bunu Moskva təzyiq kimi qəbul etmiş və kəskin reaksiya da vermişdi (bax: После встречи в Кремле: Лавров и Тиллерсон рассказали об итогах переговоров / "РИА Новости", 12 aprel 2017).

Moskvadakı danışıqlarda Suriya ilə bağlı həm qarşılıqlı ittihamlar səslənib, həm də çıxış yolları müzakirə edilib. Vaşinqtonun kimyəvi silah işlədilməsi ilə bağlı iddiasını Moskva rədd edib. S.Lavrov bildirib ki, kimyəvi silah işlənməsini sübut edən fakt yoxdur. Onun dediyinə görə, Bəşər Əsəd ordusu adi bomba atıb, ancaq müxalifətin saxladığı kimyəvi silahlar partlayıb. Təbii ki, Ağ Ev bunu qətiyyətlə rədd edir və Dəməşqin kimyəvi silah işlətdiyində israr edir. R.Tillerson və S.Lavrov bu məsələdə razılıq əldə edə bilməyiblər. Lakin, ümumiyyətlə, beynəlxalq terrora qarşı mübarizə aparmağın zəruriliyini vurğulayıblar.

Maraqlıdır ki, Kreml Vaşinqtonun Qərb koalisiyasına qoşulmaqla bağlı qoyduğu tələbə rədd cavabı verib. Əksinə, Moskva Qərbin ona qoşulmalı olduğunu deyib. Bununla aydınlaşıb ki, Kreml Suriya problemində heç bir şərt altında ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşulmayacaq. Moskva öz müttəfiqi İranla bir yerdə müstəqil hərəkət edəcək. Bu kontekstdə Türkiyə və Səudiyyə Ərəbistanı faktoru həm Amerika, həm də Rusiya üçün daha çox geosiyasi əhəmiyyət kəsb edir.

Belə aydın olur ki, R.Tillersonun Moskva səfəri zamanı Yaxın Şərq məsələsində tərəflər arasında hansısa konkret razılaşma əldə edilməyib. Bir sıra ekspertlər bunun gözlənilən olduğunu vurğulayırlar. Çünki reallıqda R.Tillersonun səfəri daha çox tanışlıq xarakteri daşıyırdı. Buna baxmayaraq, onun S.Lavrovla beş saatdan çox müzakirə aparması başqa məqamlardan xəbər verir.

Yanaşmalar və səhvlər: dünya yeni risklər yolunda

Ekspertlər sırasında Reks Tillersonun səfərinin ciddi xarakter daşıdığını və Vaşinqtonun xarici siyasətindəki xaosun mövcudluğu ucbatından real nəticənin alınmadığını vurğulayanlar da vardır. Yəni, onlar hesab edirlər ki, amerikalı diplomatın səfəri uğursuz olub, lakin bunun məsuliyyəti onun üzərində deyil. Əsas səbəb Donald Trampın xarici siyasətdə qeyri-müəyyən dəyişikliklər etməyə çalışmasıdır. Bu da dolaşıq vəziyyət yaradır, ABŞ diplomatiyası konkret məqsədi müəyyənləşdirə bilmir (bax: Christopher Preble. Don't Blame Tillerson for Trump's Chaotic Foreign Policy / "The National Interest", 12 aprel 2017).

Hər bir halda vurğulanan mövqelər onu göstərir ki, Moskvada müzakirələr olduqca gərgin şəraitdə keçib. Suriyadan başqa, Ukrayna məsələsində də ortaq fikir əldə edilməyib. Bir sıra ekspertlər ümumi səviyyədə R.Tillersonun Donbas və Krım məsələlərinin onlar üçün çox önəmli olduğunu vurğuladığını ifadə ediblər. Hətta KİV-də səfərdən öncə R.Tillersonun telefonda Petro Poroşenkoya Ağ Evin Kiyevi sona qədər müdafiə edəcəyindən danışması yer alıb. Vaşinqtonun Suriya ilə yanaşı, Ukrayna məsələsində də paket həllə imkan verməyəcəyini bəyan edib (bax: Рекс Тиллерсон и Сергей Лавров договорились о сохранении и активизации каналов диалога по Сирии и Украине / "Голос Америки", 12 aprel 2017).

Bundan əlavə olaraq R.Tillerson və S.Lavrov bu məsələ üzrə təmas "kanallarını acıq saxlamaq və daha aktiv əlaqədə olmaqla bağlı" razılığa gəliblər (bax: əvvəlki mənbəyə). Bu isə problemin həllinə yaxınlaşmanı deyil, onun kəskinliyinin dərk olunmasını ifadə edir. Çünki ünsiyyət kanalının aktivləşməsi vəziyyətin yüksək dərəcədə ağırlaşmasından qaynaqlanır. Məlumdur ki, Donbasda hərbi toqquşmalar, qarşılıqlı ittihamlar və bir-birinə qarşı informasiya müharibəsinin aparıldığını təsdiqləyən hərəkətlər edilir. Ekspertlər bunu nəzərə alaraq, Vaşinqtonun Ukrayna böhranına Suriyadakı vəziyyətdən asılı olaraq qiymət verəcəyini söyləyirlər.

Ekspert Boqdan Petrenkoya görə, "Ukrayna məsələsi Suriyada həllini tapacaq" (bax: əvvəlki mənbəyə). Çünki Amerikanın Suriyada daha fəal olması və konkret hərbi aksiyalar keçirməsi onun üçün bu məkanın daha əhəmiyyətli olduğunu göstərir. Eyni addımları Vaşinqton Ukraynada atmır. Ancaq belə düşünməyin reallığa uyğun olduğunu demək çox çətindir. Çünki ABŞ Ukraynada birbaşa Rusiya ilə savaşa girməli olur. Bu da bütün dünya üçün təhlükədir. Suriyada isə Pentaqon B.Əsədin mövqelərini bombalayır, İŞİD-i vurur və s.

Nəhayət, Şimali Koreya məsələsində də tərəflərin hansısa konkret bir qənaətə gəldiyini demək çətindir. Onları birləşdirən məqam bu ölkənin nüvə potensialını daha da artırmasından keçirilən narahatlıqdır. Bununla yanaşı, ABŞ və Rusiya Pxenyan problemini danışıqlar yolu ilə həll etməyə üstünlük verdiklərini bildiriblər. Lakin bu bəyanatdan az sonra Amerika rəhbərliyindən "masada bütün seçimlərin olduğu" barədə informasiya yayıldı. Üstəlik, Pentaqon həmin regiona əlavə hərbi qüvvə göndərib. Hazırda Şimali Koreya ətrafında böyük hərbi qüvvə yerləşib. Yəni bu məsələ ilə bağlı Vaşinqtonla Moskva arasında razılaşma elə də dayanıqlı deyil. Onlar fəaliyyətlərini bir-biri ilə əlaqələndirmədən addım atmaqdadırlar.

Beləliklə, R.Tillersonun Moskvaya səfəri iki böyük ölkə arasında münasibətlərin ağır mərhələsinə təsadüf edib və bu da Amerika diplomatiyasının şefi qarşısında mürəkkəb vəzifələr qoyub. Gərgin keçən danışıqlarda tərəflər əsasən öz mövqelərini saxlayıblar. Onlar konkret razılıqlar əldə edə bilməyiblər. Deməli, Yaxın Şərq, Ukrayna və Şimali Koreya məsələsində anlaşılmazlıqlar qalır. Bir-birini başqa dövlətlərin daxili işlərinə qarışmaqda ittiham edən Amerika və Rusiya, sanki bu məsələdə yarışa giriblər. Düşündürücüdür ki, onların heç biri yanlış mövqe tutduğunu qəbul etmir. Bu o deməkdir ki, geosiyasi nüfuz uğrunda mübarizə bütün gərginliyi və intensivliyi ilə davam edəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR