YENİ TƏKLİF: "Qız uşağı 18 yaşına çatdıqda..."

YENİ TƏKLİF: "Qız uşağı 18 yaşına çatdıqda..."
21:12 8 May 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Hamiləlik zamanı gizlədilən ekstra genital patologiyaların aşkar edilməsi üçün Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyası bəzi təkliflər hazırlayıb.

Milli.Az Ailem.az-a istinadən bildirir ki, bunu Respublika Perinatal Mərkəzin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.
 
Baş mama-ginekoloq deyib ki, təkliflər yaxın 10 gün ərzində Səhiyyə Nazirliyinə təqdim ediləcək: "Təkliflər əsasən elektron səhiyyə ilə bağlıdır. Artıq körpə doğulan zaman hansı qüsurların olduğunu biləcəyik. Uşaq poliklinikaya getdiyində sağlamlığı barəsində bütün məlumat registrlərdə yerləşdiriləcək və müalicəsi üçün ixtisaslı mütəxəssislər cəlb ediləcək. Qız uşağı 18 yaşına çatdıqda və ailə qurduqda registrdən onun sağlığı barəsində bütün məlumatları əldə etmək mümkün olacaq".
 
Sevinc xanım bildirib ki, respublikanın ucqar dağ kəndlərində mama-ginekoloq kadrları çatışmır: "Təklif edirik ki, mamaça olmayan yerlərdəki ailə həkimlərini əlavə mamalıq və antenatal kurslara cəlb edək. Onlar ailə həkimi kimi heç olmasa doğuşu icra edə bilsinlər. Problem olarsa, həmin qadını şəhərə göndərə bilsinlər".
 
Qızların erkən yaşda ərə getməsindən söz açan baş mama-ginekoloqun sözlərinə görə, 13-14 yaşında menstruasiya görməyən və yumurtalığı yetişməyən qızı ərə vermək onun üçün böyük stress yaşada bilər: "Çünki cinsi əlaqə zamanı uşaq orqanizminin qarşılaşdığı kişi hormonları onun üçün hormonal stress kimi qəbul ediləcək. Nəticədə bir çox metobolik dəyişmələrə və hormonal statuslu dəyişiklərə gətirib çıxaracaq. Bu, düzgün deyil. Təəssüf ki, valideynlər bu yaşda qızlarını ərə verir və bunu gizlədirlər. Qanunvericiliyə əsasən, 18 yaşına qədər qız hamiləlik və ya doğuşla bağlı xəstəxanaya müraciət edirsə, bu barədə polisə məlumat verilir. Ona görə bu nikah halları gizlədilir. Gənc orqanizmin uşağı 9 ay bətnində gəzdirməsi fəlakətdir. Çünki qızın özünün orqanizminin yetişməsi lazımdır. Hazırda respublikada 13-15 yaşlı uşaqların dünyaya uşaq gətirməsi halları aşağıdır. 20 il bundan əvvəl xüsusilə cənub zonasında bu göstəricilər yüksək idi. Aparılan maarifləndirici işlər nəticəsində bu faiz hər il aşağı düşür".
 
S.Məmmədova əlavə edib ki, yeniyetmə vaxtı hamilə qalan anaların körpələri vaxtından əvvəl yarımçıq doğulur: "Həmin uşaqlar da əksər vaxtlarda tələf olur. Ananın bədəni də tam formalaşmadığı üçün belə hamiləlik zamanı ağır travmalar əmələ gəlir. Bu da onların gələcək həyatında xoşagəlməz hallara səbəb olur". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/542685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR