Bu gün 9 May -

Alman faşizmi üzərindəki tarixi qələbədən 72 il ötür.

9 May Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə paytaxtda və ölkənin müxtəlif bölgələrində tədbirlər keçirilir.

Xatırladaq ki, II Dünya müharibəsi 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçiblər. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə tarixdə yeni səhifələr yazıblar.

İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü,hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi.

Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR