“Əli və Nino” filminin San Dieqoda premyerası keçirilib (FOTO)

“Əli və Nino” filminin San Dieqoda premyerası keçirilib (FOTO)
10:36 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Əli və Nino” filminin ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində premyerası keçirilib. Film mayın 9-da Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun və Bakı şəhəri, Nəsimi rayonu Icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə San Dieqonun tanınmış “Regal Cinema” kinoteatrında təqdim olunub.

Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Nümayişdə çoxsaylı kinosevərlər, eləcə də Azərbaycan mədəniyyətinin dostları iştirak ediblər. Nümayişdən öncə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Əli və Nino” filmində tərənnüm edilən multikulturalizm və dinlərarası harmoniya prinsiplərinin tarix boyu olduğu kimi, bu gün də Azərbaycan üçün keçərli olduğunu və bu ənənələrin ölkəmizdə həyat tərzi olaraq getdikcə daha da gücləndiyini diqqətə çatdırıb. Azərbaycan multikulturalizmi ilə yanaşı, ilk respublikamızın qurulması ətrafında cövlan edən prosesləri yüksək ustalıqla dünya tamaşaçısına çatdıran belə bir dəyərli filmin ərsəyə gətirilməsini əlamətdar hadisə kimi qiymətləndirən diplomat, Azərbaycanın unikal tolerantlıq dəyərləri, eləcə də müstəqillik mübarizəmizin tarixi barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında filmin mühüm rol oynayacağını vurğulayıb.

Sonra çıxış edən Bakı şəhəri, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan kinematoqrafiyasının tarixi, eləcə də azərbaycanlı yazar tərəfindən yazılmış və Vyanada 1937-ci ildə ilk dəfə nəşr olunmuş “Əli və Nino” əsəri barədə tamaşaçılara məlumat verərək, əsərin indiyədək 33 dilə tərcümə olunduğunu qeyd edib. A.Əsgərov iki gəncin ülvü məhəbbəti ilə yanaşı, filmin Azərbaycan Demokratik Respublikasının yaradılması ilə əlaqədar hadisələri də əks etdirdiyini bildirərək, ADR-in müsəlman dünyasında ilk dünyəvi respublika olduğunu və qadınlara ilk dəfə səsvermə hüququ verdiyini amerikalı tamaşaçıların diqqətinə çatdırıb.

Sonra film nümayiş etdirilib. Tamaşaçılar flimin nümayişindən zəngin təəssürat və böyük rəğbət hissi ilə ayrılıblar. Qeyd edək ki, Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu 2011-ci ildə qardaşlaşma münasibətləri qurublar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2751926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR