Azərbaycanda yeni DƏB və dövrün tələbi: Karyerist qadınlar bu yolla hamilə qalacaq - FOTOLAR

Azərbaycanda yeni DƏB və dövrün tələbi: Karyerist qadınlar bu yolla hamilə qalacaq - FOTOLAR
11:23 10 May 2017
Ölkə mətbuatı
A- A+

Son vaxtlarda dünya ulduzlarının yumurta hüceyrələrini dondurması ilə bağlı tez-tez xəbərlər oxuyuruq. Bir çox alimlər əmindir ki, artıq bir neçə ildən sonra prosedur bütün ölkələrdə populyar olacaq. Bəs görəsən, xarici ölkələrdə geniş yayılmış yumurta hüceyrələrinin dondurulması nədir və necə həyata keçirilir? Onun qadınlara verdiyi faydaları nədən ibarətdir?

Bu mövzu ilə bağlı ginekoloq, doktor Elnurə Mustafayeva Publika.az-ın suallarını ətraflı cavablandırıb.

- Qadın yumurtalarının dondurlması nə vaxt yaranıb?

- Qadın yumurtalarının dondurulması hazırda tibdə çox aktual olan mövzulardan biridir. İlk süni mayalanma İngiltərədə həyata keçirilib, bu işlərə 70-ci illərdə başlanılıb. Süni mayalanma ilk dəfə borusu bağlı olan qadınlara tətbiq olunub. 1978-ci ildə isə süni mayalanmadan ilk qız uşağı dünyaya gəlib. Həmin xanım hazırda yaşayır və özü də övlad sahibidir. Onun barəsində dünya mətbuatında mütəmadi olaraq xəbərlər çıxır. Ümumiyyətlə, süni mayalanmadan dünyaya gələn insanların sağlam olduğunu göstərmək üçün çox reklam edirlər.

Yumurta dondurulması isə ondan bir neçə il sonra kəşf olunub. Türkiyədə süni mayalanma 80-ci illərin sonlarına, 90-cı illərin əvvələrinə təsadüf edir. Azərbaycanda isə süni mayalanmanın yaşı çox gəncdir, 2000-ci illərdə tətbiq olunmağa başlanılıb.

İlk növbədə onu qeyd edim ki, dondurulmuş yumurtaların gələcəkdə istifadəsini yalnız süni mayalanma ilə həyata keçirmək mümkündür. Onların ikisi yanaşı aparılır. Yəni yumurtalarını donduran bir qadın gələcəkdə ana olmaq istədikdə normal yolla hamilə qalmır, bunun üçün mütləq süni mayalanma tətbiq olunmalıdır. Çünki yumurtalar xaricə çıxarılır və daha sonradan qadına köçürülür.

- Yumurtalar harada saxlanılır?

- Laboratoriyada xüsusi şəraitdə, azotun içində dondurularaq qorunur. Eynilə embrion və sprem kimi. Ümumiyyətlə, biz 3 cür hüceyrə dondura bilirik: həm tək kişiyə xas olan hüceyrələri, həm qadın yumurtalarını, həm də qadınla kişinin hüceyrələrinin birləşdirilmiş formada­ - embrionu. Bu, artıq evli cütlüklərə aiddir. Embrion dondurulması gələcəkdə ana-ata sahibi olmaq istəyən şəxslərin hüceyrələri birləşdirilərək qorunur. Əgər embrion dondurulduqdan sonra qadınla kişi boşanarsa, birinin icazəsi olmadan onu istifadə etmək olmaz.

- Yumurta dondurulması necə həyata keçirilir?

- Süni mayalanma zamanı qadında yumurtaların yetişməsi üçün dərman verilir. Həmçinin burada da qadın bədəni 10 gün ərzində hazırlanır, müxtəlif dərman preparatları vurulur. Sonra isə yumurta toplama günü təyin olunur. Sadəcə süni mayalanmadan tək fərqi odur ki, qadın yumurtası tək dondurulur.

- Dondurulmuş yumurtaların saxlama müddəti nə qədərdir?

- Ümumiyyətlə, hər bir dondurulmuş hüceyrəni istənilən qədər saxlaya bilərik. Hətta insanın ömründən də uzun illər sonra saxlanıla bilər.

- Tutaq ki, 20 yaşında yumurta heceyrələrini dondurmuş bir qadın təxminən 10, 15 il sonra ana olmağa qərar verir. Bu zaman onları istifadə edə bilər?

- Bəli. Sadəcə, müqavilədə saxlamaq istədiyi müddət göstərilməlidir. Əsasən 5 illik dondururlar, sonra isə müddəti artırmaq olar.

- Bu, ən çox kimlərə tətbiq oluna bilər?

- Xüsusilə karyera qurmaq istəyən və yaxın zaman uşaq sahibi olmağı planlaşdırmayan qadınlar çox müraciət edir. Məsləhət görərdim ki, 35 yaşına qədər bunu etsinlər. Çünki gənc yaşda toplanan yumurtaların keyfiyyəti yüksək, sayı çox, həm də gələcəkdə onlardan hamiləlik şansı yuxarı olur. Odur ki, yumurtaların 35 yaşına qədər dondurulması daha aktualdır.

37 və ya 40 yaşlı qadın yaxın zamanda ana olmağı planlaşdırmırsa, gecikdirmədən yumurta toplamaq üçün mərkəzlərə müraciət etməlidir. Ona görə ki, yaş artdıqca qadından daha az yumurta əldə edilir və süni mayalanmada baş tutması şansı 20-30 faiz aşağı olur. Amma 30 yaşında toplanmış yumurtalardan qadının ana olmaq şansı 60 faizə qalxır.

Həmçinin 30 və 40 yaşlı qadından eyni sayda yumruta alınmır. Gənc qadından 20, 30 ymurta alınır və bunu təkrar etməyə ehtiyac olmur. Amma 40 yaşlı qadından 3, 4 yumurta alınır və gələcəkdə ana olmaq şansını artırmaq üçün prosesi bir neçə dəfə təkrar etmək lazım gəlir.

Yumurta dondurulmasını xüsusilə bədxassəli şişləri olan qadınlarda həyata keçirilməsi vacib olan prosesdir. Onkoloji xəstəliklərdə istifadə olunan radioterapiya və kimyəvi terapiya müalicə növləri qadının yumruta hüceyrlərinə təsir etdiyi üçün gələcəkdə analıq şansını aşağı salır. Bu səbəbdən də xərçəng xəstəliklərdən əziyyət çəkən qadınlara mütləq şəkildə kimyəvi terapiyaya başlamazdan əvvəl yumurtaların alınması prosesini həyata keçirmək tövsiyə olunur. Ən azından müalicə müddəti bitdikdən sonra həyat yoldaşı ilə birlikdə klinikaya gəlib süni mayalanma ilə ana ola bilər.

- Yumurta dondurulmasının uğursuz alınmasına nə təsir göstərə bilər?

- Bəzi xanımlarda menopauza (klimaks - yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsi) erkən yaşlarda rast gəlinir. Bunları vaxtında təsbit etmək və dərhal yumurta toplanmasına başlamaq lazımdır. Əgər qadın evli olarsa, onda mütləq şəkildə süni mayalanma təklif olunur. Erkən menopauzanın qarşısını ala bilmirik, ən azından qadını onun yumurtasından dünyaya gələn və öz genini daşıyacaq uşaq sahibi edə bilirik.

- Yumurtaların alınması prosesi ağrılıdır?

- Xeyr, qadın bu zaman heç bir diskomfort hiss etmir. Yuxarıda dediyim kimi, sadəcə iynələr vurulur, amma bu, bəzi bədxassəli şişləri olan qadınlara aid deyil. Çünki bəzi növlərində bu dərmanlar mənfi təsir göstərə bilər. Bunun üçün onlara özəl müalicə seçilir, bu zaman yumurtalar az sayda və dərmansız çıxarılır.

10 gündən sonra əməliyyat günü təyin olunur, xəstə yatırılır, proses 15 dəqiqə ərzində, anestiziya altında və heç bir şey hiss etmədən həyata keçirilir.

- Dondurulmuş yumrutalar qadına köçürüldükdən nə qədər sonra onun hamilə olduğu aydınlaşır?

- Gənc yaşda yumurta hüceyrələrini donduran qadının 36 yaşında rezervi normaldırsa, onun təbii yolla da hamilə qalması mümkündür. Yəni dondurulmuş yumurtalardan istifadə etməsi şərt deyil, onları 40 yaşından sonra üçün də saxlaya bilər. Əgər 5 il keçməsinə baxmayaraq qadın normal yolla hamilə qalmırsa, gənc yaşda dondurduğu yumurtanın embriona çevrilməsi üçün həyat yoldaşı ilə birlikdə müraciət etməlidir. Bu zaman kişinin də razılığı ilə hüceyrəsi alınır və süni mayalanma aparılır. Hüceyrələr embriona çevrildikdən sonra qadının uşaqlıq daxilinə yerləşdirilir və 11-12 gün ərzində hamiləliyinin baş tutub-tutması bilinir.

- Bakirə xanımların da yumurta hüceyrələrinin dondurulması mümkündür? Yoxsa, mütləq cinsəl həyatı olmalıdır?

- Xarici ölkələrdə bu, tətbiq olunur, əsasən də bədxassəli şişi olan, radioterapiya və kimyəvi terapiya alan xanımlara dərman verilmədən edilir. Onların yumurtalığı hazır olaraq dondurulur. Laparoskopiya yolu ilə yumurtalığın özünün bir hissəsi alınaraq dondurulur. Burada həkim işi azdır. Həkim laparoskopiya üsulu ilə yumurtalığın bir hissəsini kəsib götürür və embrioloqa verir. Bizdə bu məsələ aktuallaşarsa, tələbat artarsa, o zaman bu üsul Azərbaycanda da mümkün olacaq. Laboratoriya elə səviyyədə olmalıdır ki, toxumanın özünü dondura bilsin, amma həlilik Azərbaycanda biz sadəcə yumurtaları dondura bilirik, yumrutalığın özünü yox.

- Yumurta hüceyrəsi dondurulmasını Azərbaycanda həyata keçirən xanımlar var?

- Bu üsulu süni mayalanma ilə məşğul olan hər bir mərkəzdə, həmçinin Azərbaycanda etmək mümkündür. Sadəcə xanımların məlumatasız olduğundan müraciət edənlərin sayı azdır.

- Yumurta dondurulması Azərbaycanda necə qarşılanır?

- Azərbaycan mentalitetinin müasir dövrlə zidd tərəfləri çoxdur. Bu, o demək deyil ki, mən hər hansı birinə tənqidi yanaşıram. Həm mentalitetimizin göstəricilərinə, həm də müasir dövrün tələblərinə kifayət qədər hörmət bəsləyirəm. Amma təzadlı nüanslar çoxdur. Məsələn, evli olmayan xanımın uşaq haqqında fikirləşməsi və yumurtalarının dondurması kənar şəxslər tərəfindən müsbət qarşılanmaz. Əlbəttə ki, bunun qarşısını almaq üçün qızlar müraciət etdikə gizli saxlaya bilər. Çox vaxt da özlərini ətraf-mühitin mənfi təsirindən qorumaq üçün gizli saxlamağa üstünlük verir. Sosial mühit bunun faydalarını biləndən sonra yumurta dondurulmasına bir o qədər hazır olar.

Məsələn, 5-6 il əvvəl, mən Azərbaycanda fəaliyyətə başladığım zaman süni mayalanmaya pis baxırdılar. Amma müəyyən müddətdən sonra normal qarşılanmağa başlandı, insanlar başa düşdülər ki, burada pis heç nə yoxdur. Dünyaya gələn uşaq süni deyil, öz valideynlərinin genlərini daşıyan normal insandır. Biz təbii yolla uşaq sahibi ola bilməyən insanlara kömək edirik.

Yumruta dondrulmasının faydaları mətbuatda nə qədər çox açıqlanarsa, cəmiyyətimiz bu məsələ ilə bağlı məlumatlandırılarsa, insanlar da bir o qədər yaxşı qarşılayar. Sadəcə anlamaq lazımdır ki, bu, müasir həyatın qanunudur. Çünki qadınlar artıq 20 yaşında deyil, daha gec yaşlarda ailə qurmağa üstünlük verir. Təhsil səviyyəsi artıdqca qadınlarımız da karyera qurmaq, öz ayaqlarının üstündə durmaq istəyir. Savadlı qadın savadlı cəmiyyət deməkdir. Qadının gec ailə qurmasını cəmiyyətimiz yavaş-yavaş qəbul etməyə başlayıb. Dolayısı ilə yumurta dondurulması da aktuallaşacaq və normal qarşılanacaq.

- Yumurta dondurmaq Azrbaycanda neçəyə başa gəlir?

- Hardasa 4500-5000 manata. Buraya dərmanlar, embrioloji proseslər daxidlir.

- Yumurtaların qorunmasına zəmanət verilir?

- Sözsüz ki, hər bir mərkəzdə zəmanət verilir.

- Üstünlükləri haqqında nə deyə bilərsiniz?

- Qadın erkən yaşda ailə qurmağı planlaşdırmırsa, özünü karyerasına həsr etməyi düşünürsə və yaxud da hər hansı xərçəng növü ilə əlaqədar olaraq radio və kimyəvi terapiya müalicəsi alırsa, həmçinin erkən menopauza müşahidə olunubsa və rezerv azlığı varsa, birmənalı olaraq bu üsula müraciət etməlidir. Bu məsələdə ətraf mühitin qınağını nərəzə almaq lazım deyil. Çünki yaş ötəndən sonra onu vaxtında etmədiyimizə görə təəssüf hissi keçirə bilərik.

Süni mayalanmanın beşiyi İngiltərə sayıldığı kimi yumurtaların və sperm dondurlması da orada daha çox yayılıb. Bu da onu göstərir ki, İngiltərədə insanların dünyagörüşü və təhsil səviyyəsi yüksəkdir. Onlar 30-40 yaşına qədər karyera dalınca qaçır, bu yaşdan sonra ailə haqqında düşünməyə başlayırlar. Statistika göstərir ki, İngiltərə də hər 5 nəfərdən biri süni mayalanma ilə dünyaya gəlib. Nəticə etibarı ilə bu, onların valideynlərinin vaxtında hüceyrələrinin dondurdurması ilə iah olunur.

Sadəcə unutmaq olmaz ki, qadın yumurtaları kişi hüceyrəsindən daha tez qocalır. Qadının yumurta hüceyrələri doğumdan bəri onun yaşı ilə eyni olur. Qadının 40 yaşı varsa, yumurta hüceyrələrinin də 40 yaşı var. Yumurta hüceyrələr beyin hüceyrələrinə bərabərdir. Yumurta hüceyrə öldükdən sonra bərpa olunmur.

Amma kişilərdə belə deyil, bu gün yaranan hüceyrə 72 gündən sonra ifraz olunur. Və hər ifraz olunan spermatozoidlərin ömrü təxminən 72 gündür. Cinsiyyət orqanında bədxassəli şişləri olan kişilər də sprem donduraraq ata olmaq şansı qazana bilər. Qeyd edim ki, kişilər arasında sprem dondurulmasını həyata keçirənlər yumurtalarını donduran qadınlarla müqayisədə çoxluq təşkil edir. Bu da cəmiyyətin kişiləri üstün tutması, qadınlara isə tənqidi münasibət bəslənməsindən irəli gəlir. İstənilən halda müsbətdir, çünki kişilər gələcəkdə atalıq üçün zəmin hazırlayr.

Aytən,

Fotolar: Nurlan Gülmməmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/198028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR