“Azərbaycan, Türkiyə və İran üç qardaş ölkədir. Bu üç ölkənin bir çox müştərək tərəfləri və onları bir-birinə bağlayan tellər var”.
Bu sözləri Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin APA-nın
Tehran müxbirinə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan,
Türkiyə və İran hər sahədə əməkdaşlığı inkişaf etdirməkdə
maraqlıdır: “Hazırda üç ölkə arasında ticarət və iqtisadi sahədə
çox geniş əməkdaşlıq mövcuddur. Biz bu əməkdaşlığı daha da inkişaf
etdirmək istəyirik. İkitərəfli əməkdaşlıqları üçtərəfli formatda
inkişaf etdirmək niyyətindəyik. Bu sahədə müəyyən görüşlər də
keçirilib. Ötən il İranın Ramsər şəhərində üç ölkənin xarici işlər
nazirlərinin toplantısı oldu”.
Səfir qeyd edib ki, üçtərəfli əməkdaşlıq üçün geniş potensial
mövcuddur: “İnşallah, çalışmalar davam edəcək və tez bir zamanda bu
çalışmaların bəhrəsini görəcəyik. Bu, hər üç ölkənin xalqlarının
xeyrinə olacaq. Hazırda məqsədimiz üç ölkənin prezidentlərinin
zirvə görüşünü hazırlamaqdır. İranda yaxın günlərdə prezident
seçkiləri keçiriləcək. Seçkilərdən sonra zirvə toplantısı ilə bağlı
məsələlər daha ciddi şəkildə müzakirə ediləcək. Hazırda görüşün
tarixi müəyyən olunmayıb, lakin hər üç ölkədə bu iradə var”.