“Şahdəniz” yatağından 2,4 mlrd. kubmetr qaz hasil olunub

“Şahdəniz” yatağından 2,4 mlrd. kubmetr qaz hasil olunub
12:12 10 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Bu ilin I rübündə Xəzərin Azərbyacan sektorunda yerləşən “Şahdəniz” qaz kondensat yatağından 2,4 mlrd. kubmetr qaz və 0,6 mln. ton (təqribən 4,6 mln. barel) kondensat hasil edilib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru olan “BP-Azerbaijan” şirkəti məlumat yayıb.
Hesabat dövründə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azalıb.
Qeyd olunub ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) kubmetrdir.

Birinci rübdə “Şahdəniz Mərhələ 1”-in mövcud platformasında (Alfa) SDA10 qaz hasilatı quyusunun dərin hissələrində aparılan qazma işləri bitib və tamamlanma işlərinə başlanıb. Bu işlər hazırda davam edir.
"İstiqlal" qazma qurğusu birinci rübdə SDC03 və SDC02 quyularını tamamlayaraq SDC01 quyusunda da həmin işləri aparmaq üçün bu quyunun yerləşdiyi əraziyə keçirilib. Heydər Əliyev (Maersk Explorer) qazma qurğusu SDF01 və SDF02 quyularının üst hissəsində qazma işlərini bitirib. Hazırda isə qurğu SDF01 quyusunun məhsuldar lay hissələrini qazmaqda davam edir.
"Bu iki qazma qurğusu artıq “Şahdəniz Mərhələ 2”-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazıb, üç quyunu isə tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/sahdeniz-yatagindan-2-4-mlrd-kubmetr-qaz-hasil-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR