Sofiya Universitetində “Heydər Əliyevin kəlamları” kitabının təqdimatı keçirilib

Sofiya Universitetində “Heydər Əliyevin kəlamları” kitabının təqdimatı keçirilib
12:37 10 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Sofiya. 10 may. REPORT.AZ/ Bolqarıstanın Sviştov şəhərindəki Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub. 
“Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkənin üçüncü ən böyük ali təhsil ocağının tələbə və akademik heyəti qarşısında mühazirə ilə çıxış edib. 
Səfir ötən əsrin sonlarında Azərbaycanın ikinci dəfə müstəqilliyini əldə etməsi, müstəqilliyimizin ilk illərində ölkəmizin çətin iqtisadi vəziyyət, vətəndaş müharibəsi ilə üzləşdiyini, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox insanın öz doğma yurdlarından didərgin düşməsini diqqətə çatdırıb. 
N.Qurbanova ölkənin belə çətin vəziyyətdə güclü bir rəhbərə ehtiyac duyduğunu və bu baxımdan 1993-cü il Azərbaycan xalqının tarixində dönüş ili olduğunu əlavə edib: "Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixində inkişaf və sabitlik dövrü başlandı, ulu öndərin rəhbərliyi altında Azərbaycan bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdı. Hazırda ümummilli lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanı Cənubi Qafqazın lider ölkəsinə çevirib. Nəhəng nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionda bütün tranzit layihələrin - “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin vacib iştirakçısıdır". 
Səfir Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərində “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunmasının ikitərəfli mədəni əlaqələrə yeni töhfə verdiyini vurğulayıb: "Bu layihə Heydər Əliyev Fondunun Cənub-Şərqi Avropada mədəniyyət sahəsində ən böyük sərmayəsidir". 
N.Qurbanova mühazirənin sonunda universitetin tələbə və müəllim heyətinin ölkəmizin iqtisadi inkişafı, beynəlxalq əməkdaşlığı, enerji siyasəti barədə suallarını cavablandırıb və iştirakçılara “Heydər Əliyevin kəlamları” kitabları hədiyyə olunub.
Mühazirə çərçivəsində həmçinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyevin kəlamları” kitabının təqdimatı keçirilib. 










Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sofiya-universitetinde-heyder-eliyevin-kelamlari-kitabinin-teqdimati-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR