"Müəllimin şagirdə qarşı zorakılığına haqq qazandırmaq olmaz"

“Bu gün Azərbaycanda Təhsil Nazirliyinə tabe olan 4481 orta ümumtəhsil məktəblərində 151 min müəllim 1,6 milyon şagirdə dərs deyir. Bu da ölkə əhalisinin böyük hissəsini əhatə etdiyinə görə müəllim-şagird münasibətlərində zaman-zaman xoşagəlməz hallara rast gəlinir”.

Bunu Metbuat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib: “Əhatə dairəsinə görə təhsil Azərbaycanda ən geniş sahəni özündə birləşdirib. Zaman-zaman münasibətlər gərginləşə bilər, lakin heç bir halda müəllimin şagirdə qarşı zorakılığına haqq qazandırmaq olmaz”.

2014-cu ildə qəbul edilən “Müəllimlərin etik davranış qaydaları”na görə, müəllimin şagirdə qarşı hər hansı zorakılıq halına yol verməsi qadağandır. “Müəllimin öz davranış qaydaları ilə auditoriyanı idarəetmə qabiliyyətini ortaya qoymalıdır. Zorakılıq edən müəllimlər deyir ki, bu hallar Sovet dövründə də olub. Əvvəlki dövrlərdə təhsil sistemi başqa dəyərlər üzərində qurulmuşdu. 2009-ci ildən bəri ölkədə tədris şəxsiyyətyönümlü istiqamətdə qurulub. Biz artıq layiqli şəxsiyyət yetişdirməli, şəxsiyyətin ləyaqətini alçaldan hərəkətlərə yol verməməliyik”.

Məktəblərdə zorakılıq hallarını yaradan səbəblər nədir?

"Ən əsas səbəb məktəb idarəçiliyinin düzgün qurulmamasıdır. Təəssüflər olsun ki, məktəblərə rəhbərlik edən əksər şəxslərin heç ali pedoqoji təhsili də yoxdur. Digər səbəb müəllimlərin savadsız olmasıdır. Təsəvvür edin ki, Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin Diaqnostik imtahanlarından 40 faiz müəllim heç öz ixtisası üzrə 20 faiz biliyə malik deyil, hətta “0” toplayanlar var. Özü heç nə bilməyən müəllim şagirdə nə öyrədə bilər?"

Müəllim-şagird münasibətlərində xoşagəlməz halların qarşısını necə almaq olar?

"Məktəblərdə psixoloqlar olmalıdır. Onlar mütəmadi olaraq çətin tərbiyə olunan uşaqları ciddi nəzarətdə saxlamalıdır. İmtahanlarda 50 faizdən aşağı bal toplayan bütün müəllimlər, məktəb direktorları orta məktəblərdən uzaqlaşdırılmalı, daha perspektivli, daha gənc kadrlarla əvəz olunmalıdır".

Məsələyə psixoloq Fərqanə Mehmanqızı münasibət bildirib: “Fiziki və ya psixoloji şiddət hər yaşda öz fəsadlarını bu və ya digər formada əks etdirir. Bu gün məktəblərdə fiziki şiddət qadağandır. Lakin aşağı siniflərdə şiddətə əl atan müəllimlər daha çoxdur. Təbii ki, bu da şagirdlərdə müəllimə, elmə, qanuna və məktəbə nifrət yaradır. Bundan əlavə, kollektivin gözü onündə təhqir olunan şagird özgüvənsiz və azsosial olur Nəticəsi isə gələcəkdə xroniki depressiyayla uğursuz bir insan kimi nəticələnir".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR