DTX-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi qeyd olunub

DTX-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi qeyd olunub
17:32 10 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 may. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətində dünya şöhrətli siyasi xadim, təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
DTX-nın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev tədbirdə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin yüksəlişi, gələcək dövlət müstəqilliyinin təməlinin qoyulması, sonradan onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub.
1993-cü ilin iyununda xalqın israrlı çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev sarsılmaz qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirmiş və beləliklə, yenicə müstəqilliyini qazanmış ölkəni xaosdan, vətəndaş müharibəsindən, parçalanmadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas edib.
General-leytenant Mədət Quliyev qeyd edib ki, müstəqil Azərbaycan Respublikası Ulu Öndərin bəxş etdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Heydər Əliyev siyasi irsi, respublikanın sükanı etibarlı əllərdədir. Prezident İlham Əliyev Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirir, milli inkişaf strategiyasını məharətlə həyata keçirir. Dövlət başçısı İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq nüfuzu, ölkə rəhbərinə hədsiz ümumxalq məhəbbəti bir daha göstərir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır. Bütün bunlar Ulu Öndərin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilən uzaqgörən inkişaf xəttinin möhtəşəm təntənəsidir.
General-leytenant Mədət Quliyev bildirib ki, bizim və gələcək nəsillərin Heydər Əliyevin ruhu qarşısında müqəddəs borcu Ulu Öndərin həyatı bahasına qurub-yaratdığı və xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə ölkə başçısı İlham Əliyevin ətrafında daha da sıx birləşərək, fədakarlıqla çalışmaq, dövlətimizin qüdrətlənməsinə sədaqətlə xidmət etməkdir.
Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə DTX-nin struktur bölmələrinin əməkdaşları arasında keçirilmiş idman turnirinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/dtx-da-umummilli-lider-heyder-eliyevin-anadan-olmasinin-94-illiyi-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR