“Azərenerji”də Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olundu - FOTOLAR

“Azərenerji”də Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olundu - FOTOLAR
20:53 10 May 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

10 may 2017-ci ildə “Azərenerji” ASC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Publika.az xəbər verir ki, “Heydər Əliyev ideyaları ilə yeni strateji hədəflərə doğru” adlı tədbirdə Səhmdar Cəmiyyətin prezidenti Etibar Pirverdiyev geniş məruzə ilə çıxış edib.

Natiq bildirib ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki mərhələdə, həm sovet, həm də müstəqillik dövründə öz müqayisəolunmaz və təkrarolunmaz fəaliyyəti ilə Azərbaycanın çiçəklənməsi üçün misilsiz işlər görmüş və əvəzsiz xidmətlər göstərmişdir. Respublikanın hərtərəfli, davamlı tərəqqisi üçün fundamental baza yaratmış və icra mexanizmi formalaşdırmışdır.

E.Pirverdiyev deyib ki, Ulu Öndərin ölkə rəhbərliyinə hər gəlişi ilə yeni tarixi səhifə yazılmış, yeni nailiyyətlər əldə olunmuşdur. Heydər Əliyevin rəhbərliyinin birinci dövründə yaradılmış geniş imkanlar hesabına Azərbaycan artıq ötən əsrin 70-ci illərindən nəinki özünü elektrik enerjisi ilə tam təmin etməyə, həm də qonşu respublikaları elektrik enerjisi ixrac etməyə başladı. Ulu Öndərin polad iradəsi nəticəsində vaxtilə “Azərbaycan” İES-in tikilib istifadəyə verildiyini vurğulayan E.Pirverdiyev bu stansiyanın təkcə enerjisistem üçün deyil, bütövlükdə ölkə iqtisadiyyatı və bu günkü müstəqillik üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən və yeni strateji hədəflərə hesablanmış dərin və strateji islahatların Azərbaycanın davamlı və dinamik inkişafını təmin etdiyini və Azərbaycan Respublikasının kompleks şəkildə öz yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi.

Dahi liderimiz Heydər Əliyevin təkcə elektroenergetika sahəsində gördüyü işlər və həyata keçirdiyi misilsiz layihələr barədə saatlarla, hətta günlərlə danışmağın mümkün olduğunu vurğulayan Etibar Pirverdiyev sözü qonaqlara verdi.

Sonra Millət vəkili, Milli Məclisin İnsan hüquqları və Mədəniyyət komitəsinin üzvü Əflatun Amaşov Heydər Əliyev ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü, müstəqil Azərbaycanın arxitekturasının memarı kimi Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərdən danışdı.

Daha sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin ən mühüm aspektlərindən söz açdı, onun ölməz ideyalarının Azərbaycanın bu günü və gələcəyi üçün strateji əhəmiyyətini qeyd etdi.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətinə həsr olunan “Azərenerji” ASC tərəfindən hazırlanan film nümayiş olundu.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/198290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR