Qara dənizin incisi, heykəlləri qovuşan sevgililər şəhəri - Batumidən FOTOREPORTAJ

Qara dənizin incisi, heykəlləri qovuşan sevgililər şəhəri - Batumidən FOTOREPORTAJ
13:05 11 May 2017
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yeni şəhərlər gəzmək ilk gördüyün birindən xoşlanmağa bənzəyir. Onu qısa zamanda tanımaq, haqqında hər şeyi öyrənmək istəyirsən. Elə Batumi də məndə bu təəssüratı yaratdı. Çünki addım-addım gəzdikcə şəhərdə yeni gözəlliklər aşkarkayıb, daha da heyran olurdum.

Batumi haqqında qısa məlumat

Gürcüstanın 12 regionu var ki, onlardan biri mərkəzi Batumi olan Acariya Muxtar Respublikasıdır. Buranın özünün bayrağı, gerbi və büdcəsi var.

Azərbaycandan Batumiyə gəlmək üçün viza almağa ehtiyac yoxdur. Bakıdan buraya xüsusi hava reysi olmasa da, təyyarə ilə Tbilisiyə gəlib, oradan da təxminən 6 saata Batumiyə çatmaq mümkündür.

Batuminin adının mənası ilə bağlı dəqiq məlumat yoxdur. Bəzilərinə görə o yunanca "batuts", yəni suyun dərin yeri mənasını verir.

Batumiyə, əsasən, "Love city" (eşq şəhəri ) deyirlər. Şəhərin sahilində, meydanlarında, geniş küçələrində əlində ürək tutan heykəllər də bunu deməyə əsas verir.

Batumidə küçələr geniş, səliqəli və təmizdir. Burada metro yoxdur.

Sakinlər nəqliyyat vasitəsi kimi avtobuslardan istifadə edirlər. Gediş haqqı isə 0.40 lari, təxminən 28 qəpikdir.

Şəhərdə iri alış-veriş mərkəzləri yoxdur. Era meydanı ilə Piazza meydanı arasındakı dar küçələr boyunca qarşınıza xırda dükanlar çıxır.

Qiymətlər isə çox da baha deyil. 

Bu mağazalarda ən çox satılan mallardan biri üzərində Batuminin simvolik yerlərinin, eləcə də Əli və Nino heykəlinin əks olunduğu maqnitlərdir.

Onların qiyməti 6 lari, təxminən 4 manatdır. 

Şəhərdə iri kazinolar diqqət çəkir. Batumidə hətta Bakı (Baku) küçəsi də var.

Acariyanın insanları qonaqpərvərdir. 180 min əhalisi olan Batumiyə hər il 800 minə yaxın turist gəlir. Acariyada yaşayan millətlər arasında azərbaycanlılar üçüncü yerdə dayanır. Burada özünü dil cəhətdən yad kimi hiss etmirsən. Əhalinin yarıdan çoxu rus dilini əla, türk dilini isə orta səviyyədə bilir. 

Bu şəhərdə velosiped üçün xüsusi çəhrayı zolaq çəkilib. Saatı 2 lariyə velosiped kirayələyib, şəhəri "iki təkər" üstündə də gəzmək mümkündür.

Batumidə Orta cami adlanan məscid də var. Cami Osmanlı imperiyasının dövründə iki məscid arasında tikildiyinə görə belə adlandırılıb. Gürcüstan SSRİ-nin tərkibində olduğu zaman bu məscid bağladılsa, hazırda qapısı nəinki müsəlmanların, hətta hər kəsin üzünə açıqdır. Məscid Acar Dövlət Muzeyi tərəfindən qorunur.

Batumidə havanın necə olacağını əvvəlcədən bilmək çətindir. Bəzən havanın ən isti vaxtında tempratur dəyişir, leysan yağış yağır. Lakin havanın dəyişkən olmasına baxmayaraq, çox təmizdir.

Batuminin gəzməli-görməli yerləri

Batumi bulvarı

Batumiyə çatanda artıq axşam olmuşdu.

Otelimiz Batumi bulvarının yaxınlığında idi. Çantalarımızı yerbəyer edib, 5 ulduzlu otelin restoranında göbələk suplu şam yeməyi yedikdən sonra bulvara düşdük. Qaranlıqda işıqlı şəhərin möhtəşəmliyi özünə heyran edirdi. 

Bulvarın uzunluğu 8 kilometrdir. Qara dəniz sahilindəki bulvar yeni və köhnə olmaqla iki yerə bölünür. Burada Bakı bulvarındakı kimi bahalı mərmərlər yoxdur. İnsanlar otların üzərində oturub dincələ bilirlər. 

Bulvarda çoxlu palmaların olması oranı Dubaya bənzədir.

Burada bir müddət əvvəl yanıb, yenidən qurulan, ancaq taxtadan ibarət teatr,

musiqili fontanlar, bambukların olduğu ərazi, donuz formasında olan səadət sarayı,

palmalar, iri çarx, əlifba qalası,

Əli və Nino heykəli,

Çaça qalası və Osmanlı dövründə tikilən, hazırda da işlək vəziyyətdə olan mayak,

velosiped zolağı, maqnit və suvenirlərin satıldığı bir neçə kiçik mağaza var. 

Bulvarın fərqliliyi ondan ibarətdir ki, dənizin sahili çimərlikdir. Lakin Bakıdan fərqli olaraq sahil qumluq deyil, çınqıllıqdır.

Sakinlərin dediyinə görə, yayda çimərlikdə o qədər turist olur ki, yerli əhali dənizə girməyə yer tapmır.

Çimərlik qara dəniz sahili boyunca uzanır. Yayda sırf burada çimmək üçün Azərbaycan, Türkiyə, Ukrayna və Rusiyadan turistlər axın edir.

Hələ ki, havalar sərin olduğuna görə dənizdə çimən olmasa da, sahildə tək, dostları ilə, ya da sevgilisi ilə oturanlar var idi.

Bulvarda müxtəlif formada olan heykəllər turistləri özünə daha da cəlb edir. Biz də maraqlı heykəllərlə şəkil çəkdirdikdən sonra Əli və Nino abidəsinə doğru getdik.

Əli və Nino

Batumi bulvarında yerləşən, turistlərin ən çox diqqətini çəkən, azərbaycanlıların bəyəndiyi abidələrdən biri də Qurban Səidin 1937-ci ildə yazdığı məşhur, 30 dan çox dildə tərcümə edilən "Əli və Nino" əsərinə həsr olunan "man and woman" dəmir heykəlidir.

Bu heykəli ilk dəfə görəndə həyəcanlanmamaq əldə deyil. Çünki sənin vətəninə aid əsərin abidəsinin başqa ölkədə qoyulması və turistlərin onu heyranlıqla seyr etməsi qürurvericidir. Heykəl gürcü hekyəltaraşı Tamara Kvesitzade tərəfindən hazırlanıb. Uzunluğu 8 metr olan heykəl daima hərəkətdədir. Əli ilə gürcü Nino heykəldə bir-birinə hər on dəqiqədən bir qovuşur.

"London Eye"dən ilhamlanaraq qurulan "Ferris" çarxının qarşısında yerləşən "Əli və Nino" heykəli gecələr daha da möhtəşəm görünür.

Piazza və Era meydanı

Piazza meydanı (Piazza square) Batuminin mütləq gəzilməli məkanlarından biridir. Bu meydan insana Avropa şəhərlərini, xüsusən də İtaliyanı xatırladır. Təxminən 6000 min metrlik ərazisi olan meydanda otel, kafe və pivəxanalar fəaliyyət göstərir. Meydanın girişində yaradılan səhnədə yay axşamlarında canlı musiqi oxunur.

Meydandan baxanda "National bank of Georgia" binasının üzərində qurulan astronomik saat görünür. 

Meydanın sağında isə Nikolas kilsəsi var. Buranı Osmanlıların dövründə yunanlar tikiblər. Kilsənin tikintisində istifadə olunan daşlar Trabzondan gətirilib. Kilsə 2012-ci ildə yenidən qurulub.

Əlifba qülləsi

Bu qüllə dünyadakı 14 əlifbadan biri olan 33 hərfli gürcü əlifbasının şərəfinə ispan memar Alberto Dominqo Kabo tərəfindən tikilib.

Qüllənin yuxarı hissəsi 360 dərəcə fırlanır və içərisində restoran və televiziya studiyası var.

6 may parkı, Delfin şou

Bura Bakıdakı Dədə Qorqud parkına çox bənzəyir. Parkda zoopark, akvarium yerləşib.

Parkın sonunda delfin şousu göstərilən yer var. Burada hər gün eyni vaxtda, saat 4-də delfinlərlə şou göstərilir. Şou zamanı delfinlər müxtəlif maraqlı hərəkətlər edirlər.

Xarici və gürcü mahnılarının sədaları altında şarlarla rəqs edən delfinlər şou zamanı quruya çıxıb, təlimçiləri də qucaqlayırlar. Şouda 8 balina iştirak edir. Onlar hər hansı bir hərəkəti edib, qarşılğında isə bir, iki xırda balıq yeyirlər. Şou hər gün göstərilsə də, zalda boş yer tapmaq çətin olur. Rəqsləri təqdim edən aparıcı həm ingilis həm də, rus dilində danışır. Şounun qiyməti 15 laridir. 

Botanika bağı

Botanika bağına girəndə, sanki, oksigen bolluğuna düşürsən. Buradakı havanı doyunca ciyərlərinə çəkmək istəyirsən. 

Batuminin Mtsvane Kontışki səmtində, qara dəniz yaxınlığında olan bağı gəzmək təxminən iki saatınızı alacaq. Ancaq sizi əmin edirəm ki, buna dəyər.

Botanika bağı 1912-ci ildə yaradılıb. Demək olar, bu bağda dünyanın hər yerindən olan ağac və bitkilər var.

Bağçada günəşli gecə adlı xiyaban var ki, bunu Patriarx II İleyaya həsr ediblər. Həmin xiyabanın yanında tikilən balaca evdə İleya şəxsən özü qalıb.

Bu bağda nikah mərasimləri də keçirilir. Hətta biz də mərasimin canlı şahidi olduq. Orada bəylə gəlini təbrik etdikdən sonra bağçanı tərk edib, Qoni qalasına getdik.

Qoni qalası

Batumidən 15 kilometr uzaqlıqda yerləşən Qoni qalası (Gonios Tsihe) eramızdan əvvəl I əsrdə, Romalıların dövründə tikilib. Uzun müddət Bizans imperiyasına aid olan qala 1547-ci ildə Osmanlıların əlinə keçib. Bu qala orta əsrlərdə Gürcüstanın qapılarından biri olub. Deyilənə görə, qalanın içərisində İsa peyğəmbərin havarilərindən olan Matthiasın qəbri var. 

Qalanın girişində hər iki tərəfə qoyulan top turistlərin daha çox marağına səbəb olur. Qalanın qapısı iri və vahiməlidir. Qalanın içərisində, sağ tərəfdə qəbirə oxşar dərin quyu var ki, oradakı daşlardan birində insan üzü əks olunub.

Qədimi daşlarla əhatə olunan ərazidə balaca muzeylər yerləşib. Onların içərisində qədim dövrə aid qablar, əşyalar, texnikaların maketləri, gil qablar turistlərə nümayiş etdirilir.

"Gonios Tsihe" Türkiyə-Gürcüstan sərhəddinə çox yaxındır. Avtomobillə təxminən 10 dəqiqə ərzində sərhəddə getmək mümkündür. Həmin istiqamətdə yolun getməklə yolun üzərindəki maraqlı iri heykəl və yanında balaca şəlalə ilə şəkil çəkdirmək imkanı da yaranmış olur.

Musiqili Park

Musiqili park dünya şöhrətli məşhurların konsert verdiyi "Black Sea Arena"nın qarşısında yerləşir. Bu park digər parklardan çox fərqlidir. Parkda Gürcüstanın məşhur bəstəkarlarının heykəlləri və qurumuş ağacların maraqlı formada yonulmuş kötükləri var. Ən maraqlısı isə odur ki, burada heykəllərin yaxınlığına gedib, onların qarşısındakı lövhəni ayaqladıqda sistem avtomatik olaraq işə düşür və həmin bəstəkarın mahnıları səslənir.

Bundan başqa Batumidə iki, təmiz Çorox ilə çirkli Açaristsxali çayının qovuşduğu yerdə gürcü çarı Tamaranın adını daşıyan maraqlı körpü və ondan bir neçə kilometr məsafədə yerləşən Maxunseti şəlaləsi kimi gəzməli yerlər də var.

Gürcü mətbəxi

Gürcü mətbəxi dadlı, lakin bir az ağırdır. Acarlılar günə, əsasən, türklərin pidesinə bənzəyən acaruli xaçapuri ilə başlayırlar.

Günorta və axşam yeməkləri isə, demək olar, eynidir. Yemək çoban salatı ilə başlayıb, toyuq, mal ya da donuz əti qızartması ilə yekunlaşır. Onların süfrəsində mütləq bu üç yemək, elarci (qarğıdalı unundan bişirilən çörək) patlicani (qoz və pendirlə doldurulmuş badımcan), kartof qızartması, limonad və qrafində qoyulmuş bəyaz çaxır olur.

Batumidə hansı süfrədə əyləşirsənsə, orada mütləq gürcü limonadı qoyulur. Duşes o qədər dadlı olur ki, adamın heç kola, ya da meyvə şirəsi yadına belə düşmür.

Batumidə şərab içmək üçün ən gözəl yerlərdən biri "Ajarian wine house"dur. Buraya səyahətimizin ikinci günü getdik. Möhtəşəm təbiət mənzərəsi, dizaynı olan şərab evi ən çox diqqətimi çəkən məkanlardan oldu.

Burada çox nadir şərablar, xüsusən də Stalinin ən sevdiyi Çxaveri şərabı hazırlanır. Hətta Hilari Klinton da bu restoranda qonaq olub və şərab içib.

Restoranda ofisiantlar pərvanə kimi adamın başına dolanıb, rus və ingilis dilində sifarişləri qəbul edib, bizi məmnun etməyə çalışırdılar.

Batumidə balıq yemək üçün "Golden Fish" restoranı, gürcü rəqsləri izləmək üçün isə "Mergul-Lazuri" restoranları uğurlu seçimdir. 

"Megrul-Lazuri" Şəkidəki Karvansaraya bənzəyir. Buraya gələn turistlər üçün hər axşam gürcü rəqslərindən ibarət şou göstərilir.

Orta və azyaşlı rəqqaslardan ibarət qrup bizi darıxmağa qoymadı. Onların rəqsi heç də bizim milli rəqslərdən fərqlənmirdi.

Gürcü rəqqas və rəqqasələrin şousu bitdikdən sonra biz öz milli musiqilərimizdən sifariş verib, xeyli rəqs etdik. Yan masada əyləşən türklər də bizdən ilhamlanıb bizimlə birlikdə rəqsə qoşuldular.

Türklər Gürcüstanda Azərbaycan mahnıları sədaları altında rəqs etdilər, biz də türk mahnıları...

Bu qədər gözəl gecədən sonra möhtəşəm şəhərdən ayrılmaq çətin olsa da, vaxtımız az idi. Otelə qayıdıb gecələdikdən sonra Bakıya yollandıq.

Səyahət yeni insanlarla, fərqli mədəniyyətlərlə tanış olmağımıza, dünyagörüşü və dil biliklərimizi artırmağa səbəb, yeni ölkələr, yeni macəralar kəşf etməyə vasitə olur. Buna görə də azı ildə bir dəfə səyahətə çıxıb özgüvəninizi "refresh" edib, dünyanın gözəlliklərindən sonsuz zövq almağa dəyər.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR