İslam Oyunlarının açılışına həsr olunan mətbuat konfransı keçirildi

İslam Oyunlarının açılışına həsr olunan mətbuat konfransı keçirildi
14:58 11 May 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri, İslamiadanın Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdul Aziz Al-Nassar, İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybunn, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak ediblər.

Nazir A.Rəhimov bildirib ki, İslamiadanın Bakıda keçirilməsi qürurvericidir.

A.Rəhimov Liviya, Sudan və Küveytin Oyunlarda iştirak edə bilməmələrinə təəssüfləndiyini bildirib:

“Növbəti 11 gün ərzində 50-dən çox ölkənin idmançıları yarışlarda iştirak edəcəklər. Əfsuslar olsun ki, Liviya, Sudan və Küveyt İslamiadada iştirakdan imtian ediblər. Bu, bizi məyus etsə də, ümumilikdə 54 ölkənin iştirakına sevinməyə bilmərik. Yarışlar 4 qitədə yayımlanacaq və 1.3 milyard insan izləyəcək”.

A.Rəhimov açılış mərasimi ilə bağlı məşqlərdən razı qaldıqlarını söyləyib:

“Mərasim çox zövqlə hazırlanıb. Kompozisiyalarda İslam dünyasının rəmzləri, adət-ənənləri, dəyərləri öz əksini tapıb”.

İslam Həmrəyliyi Federasiyasının baş katibi Fasial Abdul Aziz Al-Nassar isə çıxışı zamanı Oyunlarda 3 mindən çox idmançının Odlar Yurdundan yarışacağını qeyd edib:

“Azərbaycanın tükənməz dəstəyi də Oyunlara öz töhvəsini verəcək. Bununla əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirirəm. Həmçinin, gənclər və idman naziri Azad Rəhimova, MOK-a, Əməliyyat Komitəsinə təşəkkür edirəm. Azərbaycan prezidenti cənab İlham Əliyevin qətiyyəti yarışların yüksək səviyyədə təşkilinə imkan yaradıb”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın yarışlarda 500 nəfərdən çox heyətlə iştirak edəcəyini vurğulayıb:

“Artıq komanda idman növlərində yarışlara start verilib. İlk nəticələr də sevindiricidir”.

O, rəqibləri elə də yaxşı tanımadıqları üçün proqnoz verməkdə çətinlik çəkdiklərini deyib:

“Hədəf birinci olmaqdır. Avropa Oyunlarda ilk “3-lüy”ə düşməyi planlaşdırırdıqsa, bu dəfə ilk sırada qərarlaşmaq istəyirik. Hər halda, "Bakı-2015"dən çox medal qazanacağıq”.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayeva isə bildirib ki, hazırda 46 ölkə atletlər kəndində məskunlaşıb:

“Bu gün isə daha 8 ölkənin gəlişini gözləyirik”.

Xatırladaq ki, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198389.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR