"İmtahanda yüksək nəticə üçün günortalar yatmaq lazımdır"

Bu il keçirilən ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biri də, Türkiyə Diyanət Vəqfi - Baki Türk Liseyinin şagirdi Lətifə Nicat qızı Hacıyevadır. O, I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında 695 bal toplayıb.

Metbuat.az 695 bal toplayan abituriyentlə olan müsahibəni təqdim edir:

- Bir sualda səhv etmisən. Maraqlıdır, bu hansı sual olub?

- Səhv yazdığım bir sual fizika fənnindən idi. Düzü, əmin deyildim, amma yazdım, səhv çıxdı.

- Ailən təhsil almağında sənə hər zaman dəstək olubmu?

- Bizim ailədə təhsilə önəm verilir. Anam 3 yaşım olanda mənə rus dili kitbaları alıb, dil öyrətməyə çalışırdı. Eyni zamanda, riyaziyyat, məntiq klitabları da alırdı. Məktəbə başlayanda riyaziyyatdan anlayışım var idi, kitab da oxuya bilirdim. Nənəm, babam həkimdir. Onun üçün də, uşaqlıqdan həkim olmaq istəmişəm.

- Universitetə daxil olmaq üçün xüsusi hazırlıqlara getmisən?

- Xüsusi hazırlığa getməmişəm. Məktəbdəki müəllimlər ilə hazırlaşmışam. Fikirləşirəm ki, insan gərək aşağı siniflərdə qarşısına məqsəd qoysun. Mən 6-7-də oxuyanda həkim olacağıma qərar vermişdim. Ona görə də, biologiya və fizikanı dərinliyi ilə öyrənirdim. Hər sinfin dərsini vaxtında öyrənəndə, nəticəsi də sonda yaxşı olur.

- Səncə, yüksək bal yığmağın sirri nədədir?

- Məncə bunun sirri aşağı siniflərdə dərs oxumaq və vaxtı düzgün bölüşdürməkdir. Mən bütün günümü dərs oxumağa sərf etməmişəm. Televizora da baxmışam, sosial şəbəkələrdə də vaxt keçirmişəm, dostlarımla da görüşmüşəm. Amma mütləq günortalar yatırdım. 3 ildə heç bir dəfə də olmayıb ki, mən günorta yatmadan dərs oxuyam. Məncə, yüksək nəticə əldə etmək üçün istirahət önəmlidir.

- Hər bir abituryentin dərs öyrənmə prosesində özünəməxsus sirləri olur...

- Mən biologiyadan başqa digər fənləri çox da oxumurdum. Ancaq testlərlə işləyirdim. Fikirləşirdim ki, fizikanı əzbərləməyin heç bir mənası yoxdur. Dərsə qulaq asırsan, öyrənirsən və testdə bunu tədbiq edirsən. Dərs vaxtı müəllimə çox diqqətlə qulaq asırdım. Bu yaşıma kimi bir dənə düsturu belə əzbərləməmişəm. Bir düsturdan 5-6 düstur çıxarmaqla məsələni həll etmişəm. Kimyanı çox vaxt riyaziyyat yolu ilə həll etmişəm.

Xəyalə Məmmədova

Foto və Video: Orxan Line



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR