Cəlalə Nəzəroğlu: - "Aparıcı savadlı, çevik, əhatəli və ən əsası, həvəsli olmalıdır"

Cəlalə Nəzəroğlu: “Təsəvvür edin, siz səhər yuxudan durursunuz və işə getməyi özünüzə borcdan daha çox, həvəs, zövq mənbəyi hesab edirsiniz. Bu, möhtəşəmdir!”

- Radio aparıcısı kimdir və necə olmalıdır?

- Radionu hər zaman “Gizli və sehirli” qutu hesab ediblər. Əslində, yanılmırlar. Səs eşidilir, görüntünü isə yalnız dinləyici öz təxəyyülünü işə salaraq təsəvvür edir. Radio aparıcısı bu gizliliyin əsas varlığıdır. Radionu digər media vasitələrindən fərqləndirən ən böyü özəllik nədir? Əlbəttə ki, səs. Radio aparıcısı gözəl, qulağayatımlı səsə sahib olmalıdır. Məlumat, hiss-həyəcan, aparıcının peşəkar münasibəti, hətta bədən dili də yalnız səslə dinləyiciyə ötürülür. Bunu yansıtmaq isə böyük məharət tələb edir. Odur ki, hər şeydən əvvəl radio aparıcısı səsin sonsuz imkanlarından istifadə etməyi yüksək səviyyədə öyrənməlidir. İntonasiyalı danışıq, tonlamadan yerində istifadə radio aparıcısının əsas alətidir.

- Televiziya və radio aparıcısının fərqi?

- Gəlin, əvvəlcə ümumilikdə aparıcıya verilən tələbləri analiz edək. Televiziyada və ya radioda işləməyindən asılı olmayaraq, bütün hallarda aparıcı savadlı, çevik, əhatəli və ən əsası, həvəsli olmalıdır. Təəssüf ki, bəzi aparıcılar illərin qazandırmış olduğu təcrübəni yetərli hesab edərək, sonralar verilişə hazırlaşmağı, mövzu ilə bağlı geniş araşdırma etməyi lazımlı hesab etmirlər. Ümumi fikirlər, ümumi cümlələrlə o anı “xilas edirlər”. Halbuki, hətta eyni mövzu bir-neçə gün əvvəl müzakirə olunsa belə, yenidən əlavə məlumat toplamağa və təkrar-təkrar araşdırmağa ehtiyac var. Ola bilsin, yeni məlumatlar və ya təfərrüatlar var. Bunu etmək və izləyicini, dinləyicini məlumatlandırmaq aparıcının işidir. Bəzən verilişlə bağlı bu məsuliyyətli məsələ digər əməkdaşlar tərəfindən (məsələn, redaktor) həyata keçirilir. Amma yenə də aparıcı əlindəki vərəqdən asılı qalmamalıdır. Əgər məsələ ilə bağlı qonaq varsa və söhbət əsnasında mövzu o vərəqdə yazılandan çox-çox uzağa gedib çıxırsa, aparıcının işi şətinləşə bilər. Aparıcı hər vəziyyətdən çıxmağı bacarmalı, söhbət vaxtı çıxan yeni sualları formalaşdırmaq qabiliyyətinə sahib olmalıdır. Əks halda, savadsızlıq, məlumatsızlıq dərhal hiss olunacaq, hətta sükan qonağın əlinə keçəcək.

Məhz radio aparıcısının özəlliklərinə gəlincə: Baxın, televiziyada bəzən o qədər də mükəmməl səsi olmayan, hətta diqqətlə fikir verəndə nitq qüsurunun olan aparıcılara rast gəlirik. Lakin tamaşaçı bunu görməzdən gəlir. Çünki aparıcı vizual keyfiyyətləri ilə diqqəti yayındıra bilir. Geyimi, görkəmi, bədən dilindən, o cümlədən, mimikalardan istifadə məharəti onun vəziyyətini yüngülləşdirə bilir. Radio bu cəhətdən çox xəsisdir. Aparıcının bilik və bacarıqlarını ötürmək üçün yeganə vasitəsi səsdir. Əgər televiziyada aparıcı qaşlarını qaldıraraq etdiyi mimik hərəkətlə təəccübünü ifadə edə bilirsə, radio aparıcısı bunu səsi ilə “göstərməlidir”. Kənardan asan görünə bilər. Daxilinə varanda çox çətindir. Səslə bu cəhətdən işləyərkən ton, pauzalar, məntiqi və həyəcan vurğuları kimi çox spesifik nitq elementləri dövrəyə girir.

- Radio aparıcısı olmağın üstünlükləri nələrdir?

- Radio medianın ən operativ növüdür və o, hər yerdə var. Siz televizoru özünüzlə hər yerə daşıya bilməzsiniz və ya hər an gözünüzdən istifadə edib məlumat qəbul edə-oxuya bilməzsiniz. Amma radio hər yerə var. Evinizin istənilən yerində, hətta hamam otağında da radio sizinlədir. Maşında, küçədə-hər yerdə.

“Radio medianın ən operativ növüdür” dedik. Radio aparıcısı da məlumatı ən tez çatdırmaq şansına sahib insandır. Təsəvvür edin ki, haradasa irimiqyaslı yanğın baş verib. Televiziya aparıcısı bu məlumatı çatdırmaq üçün mütləq əvvəlcə qrim otağına qaçmalıdır. Onun vizajı, saç düzümü, geyinməsi, studiyaya gəlməsi, mikrofon və qulaqlığın taxılması ən azı 20 dəqiqə vaxt aparacaq. Bundan başqa, studiyanın hazır vəziyyətə gətirilməsi, o cümlədən, planın və işıqların qurulması da ən az 10 dəqiqə vaxt aparacaq. Nəzərə alsaq ki, haqqında danışılan hadisə ilə bağlı görüntü də verilməlidir, onda iş bir az da qəlizləşir. Müxbirin hadisə yerinə çatması, məlumat və görüntü əldə etməsi, həmin görüntünün televiziyaya çatdırılması, montajı və sair kimi məsələlər də müəyyən qədər vaxt aparır. Amma radionun belə bir əngəli yoxdur. Məlumatı alan kimi aparıcı sadəcə, efir otağına tələsir və bir düyməni açmaqla səsini onu eşitmək imkanına sahib olan hər kəsə çatdırır.

Radio aparıcısı olmağın digər bir üstünlüyü məlumatı istədiyi vaxt vərəqdən və ya kompüterdən (və ya digər vasitələrdən) oxumaq imkanına sahib olmasıdır. Televiziyada suflyor olmadığı halda, bunu etmək yaxşı görünmür.Radio aparıcısı qonaqla söhbət edərkən hər hansı məlumatı dəqiqləşdirməyə ehtiyac duyduğu zaman internetdən bunu dərhal tapa bilər. Televiziyada bunu etmək üçün aparıcı onu idarə edən redaktordan asılı qalır. Əgər redaktor belə bir məlumatı tapmağa ehtiyac duymursa və ya hər hansı səbəbdən gecikdirirsə, arzuolunmaz hal yaranır. Aparıcının internetdə özünün axtarış etməsi onun saniyələrlə qonağa və kameraya baxmamasına səbəb olur ki, bu da qeyri-etik görünür və televiziyada yolverilməzdir.

Televiziya aparıcısı efir otağı ilə əlaqə saxlamaq üçün bədən dili hərəkətlərindən istifadə edə bilər. Lakin bunun üçün kadrda qonağın (və ya varsa, auditoriyanın) iri planda olması vacib şərtdir. Yalnız kadrda olmadığına əmin olduqdan sonra aparıcı hər hansı işarə verə bilər. İşarənin verilməsi və qarşı tərəfin bunu anlayıb reaksiya verməsi qısa müddət ərzində baş verməlidir. Çünki eyni kadrın uzun müddət saxlanılması və ya aparıcının uzun müddət görünməməsi yolverilməzdir.

Radio aparıcısının belə bir əngəli yoxdur. Şüşənin o biri tərəfində əyləşən efir rejissoru və ya redaktorla həm işarələrlə, həm də digər vasitələrdən (kağızda yazıb göstərmək, onlayn əlaqə saxlamaq və s) istifadə edərək əlaqə saxlaya bilir.

- Radio aparıcısı kimi öz üzərinizdə necə işləyirsiniz?

- Aparıcı televiziya və ya radioda işləməyindən asılı olmayaraq öz üzərində daim işləməlidir. Ən əsası, məlumatlı olmalıdır. Onun hər şeyi yadda saxlamaq kimi bir məcburiyyəti yoxdur. Mövzu ilə bağlı məlumatı hətta ilk dəfə bir-neçə saat əvvəl də öyrənə bilər və bəlkə də bir-neçə gün sonra unuda bilər. Əsas odur ki, efirdə tamaşaçıya və dinləyiciyə bol məlumat ötürə bilsin. Məlumatı eşidən ürəyindən “elə bunu soruşmaq istəyirdim” desin. Aparıcı məlumatlı olmayanda əl atır ümumi suallara: “Hansı yeniliklər gözlənilir”, “Necə oldu bu sənətə gəldiniz”, “Zəhmət olmasa, filan şey barədə fikrinizi deyin” və sair. Bu sualları az-çox səsi, diksiyası normal olan istənilən şəxs ünvanlaya bilər. Peşəkar bunu özünə yaraşdırmamamlıdır. Hətta elə aparıcılar var ki, verilişə son anda gəlir və mövzu ilə, suallarla elə studiyada tanış olur. Bu zaman vərəqdən asılı qalır və söhbəti müzakirəyə çevirə bilmir. Diqqət etsəniz, görərsiniz ki, qonaq hansısa məlumatı səsləndirdiyi halda, aparıcı yenidən eyni məsələ ilə bağlı ona sual verir. Qonaq da “Bayaq bunu qeyd etmişdim, təkrar deyim ki” ilə başlayan cümlə qurur. Bu zaman aparıcı savadsız, diqqətsiz durumunda görünür və arzuolunmaz haldır. Məlumatlı aparıcı isə hətta qonaqla ciddi duskusiyaya girir, ona aydınlaşdırıcı, dəqiqləşdirici suallar verir.

Aparıcı həm də yeganə silahı olan səsini-səs tellərini qorumalıdır. Həm də diksiya mütəxəssisi olaraq xüsusi vurğulamaq istərdim ki, səs telləri bir cüt incə əzələdir- etinasız yanaşıldığı zaman dərhal korlanır. Uzun müddət, fasiləsiz danışmaq, qışqırmaq, çox soyuq və ya isti maye qəbul etmək, tünd çay, kofe, spirtli içkilər, siqaret səs tellərinin düşmənidir. Səs tellərini güclü etmək, dolğunlaşdırmaq üçün xüsusi məşqlər var ki, onlardan istifadə etmək vacibdir. Gün ərzində hər 10-15 dəqiqədən bir bir-neçə qurtum su işmək səs tellərini davamlı olaraq nəm saxlayacaq.

Səsin əla vəziyyətdə olması üçün düzgün nəfəs almaq lazımdır. Bunun üçün də xüsusi məşqlər var. Düzgün danışıq, nəfəs və səslə bağlı aparıcılara lazım olacaq məlumatlar “Danışığınla həyatı qazan” kitabımda qeyd etmişəm.

- Müsair radio məkanı necə olmalıdır?

Mən ali məktəbi bitirən kimi televiziyada fəaliyyətə başlamışam və uzun illər xəbərlər proqramına aparıcılıq etmişəm. Nə zamansa radioda fəaliyyət göstərməyi ağlımın ucundan belə keçirmirdim. Televiziya, xüsusilə də canlı efirin verdiyi xüsusi bir həzz var idi, bundan uzaqlaşmaq mənə dözlüməz gəlirdi. Bir gün ASAN Radionun yaradılması, vakansiyanın elan olunması haqqında eşitdim. İnanın ki, heç üzərində beş dəqiqə belə düşünmədən orada çalışmaq istədiyimə qərar verdim. Çünki burada necə bir mühitin olduğunu təsəvvür etmək çətin deyildi. Azərbaycanda müasir radionun ən uğurlu örnəyini görmək istəyən, ASAN radionu mütləq ziyarət etməlidir. Sözün bütün mənalarında yaradılan şərait, texniki imkanlar bizim özümüzü lazımlı hiss etməyimizə səbəb olur. İnsan yalnız lazımlı olduğunu biləndə çox məhsuldar olur, həvəslə işləyir, davamlı olaraq yeni ideyalar təklif edir və sevgi ilə işləyir. Sevgi çox önəmlidir. Təsəvvür edin, siz səhər yuxudan durursunuz və işə getməyi özünüzə borcdan daha çox, həvəs, zövq mənbəyi hesab edirsiniz. Bu, möhtəşəmdir!

ASAN radio müsir dinləyicinin bütün tələblərini maksimum nəzərə alan radiodur. Müasir insan o qədər informasiya yüklüküdür ki, uzun müddət danışığa qulaq asmaq istəmir. Söz yığını, bayağı zarafatlar, lazımsız, dedi-qodu tipli informasiyalar dinləyicini yorub. Az vaxt ərzində, faydalı məlumat! Budur müasirliyin tələblərindən biri.

ASAN radionun imza atdığı yeniliklərdən biri xəbər istehsalıdır. Məlumatın öz qaynağından müsahibə şəklində alınması, “ASAN xəbər” proqramında səlahiyyətli şəxslərin açıqlamalarının eşitdirilməsi əlbəttə, operativlik və peşəkarlıq nümunəsidir. Bundan başqa, çox vacib açıqlamalar reportaj janrında hazırlanır, gün ərzində müstəqil formada efirdə yayımlanır.

ASAN radioda aparıcı eyni vaxtda həm də texniki məsələlərlə özünü yormur. Efir vaxti difər otaqda redaktor oturur. Aparıcını təlimatlandırır, operativ məlumatları yazaraq qeyd edir. Aparıcı studiyada yerləşən böyük monitordan bunları oxuyur və efiri tam dəqiqliklə idarə edir.

Müasir radionun tələblərindən ən önəmlisi həm də musiqidir. Bir radioda hər kəsin zövqünə xitab edən, hər janrda musiqilər olmalıdır. Bu isə musiqi tərtibatında davamlı olaraq yenilənmə tələb edir.

- Sonda gənclərə nə arzu edərdiniz?

Mən həm də BDU-da Jurnalistika fakülətəsində "Nitq mədəniyyəti" fənnini tədris edirəm. Oradakı tələbələrimlə bəzən mövzudan uzaqlaşırıq, həyata aid söhbətlər edirik. Onlara da hər zaman izah etməyə çalışıram ki, hər şeydən əvvəl daxilən rahat olsunlar!Rahatlıq azadlıqdır. Azadlıq ürəyinin səsini dinləyib qərarlar almaqdır. Səhv etməyəcəklərmi? Əlbəttə, edəcəklər! Səhv etməsəniz, təcrübə qazanmayacaqsınız, təcrübə qazanmasanız doğru qərarlar ala bilməyəcəksiniz. Mən də çoxlu səhvlər edərək həyatı öyrənmişəm. Və həm səhvlərə, həm də həyatı öyrənməyə davam edirəm. Əsas odur ki, o səhvi ikinci dəfə təkrarlamayasan. Yoxsa dərs çıxarmaqdan söhbət gedə bilməz!

Gənclərə arzu edirəm ki, kim olurlar olsunlar, SEVMƏDİKLƏRİ heç nəyi etməsinlər. Sevmədikləri heç kimin yanında olmasınlar. Əks halda, daxili enerjiniz bitəcək, heç 30 yaşı adlamadan həyatdan gözlədiyiniz heç nəyin olmadığının fərqinə varacaqsınız. Solğun, bitkin insanlar başqalarını da xoşbəxt edə bilmir və mütəxəssis kimi isə qətiyyən faydalı olmur. Odur ki, çevrənizdəkiləri və işinizi sevin, sevin, sevin!Uğurlar!

Cəlalə Nəzəroğlu. ASAN Radionun redaktoru və aparıcısı, BDU-nun Jurnalistika fakültəsinin müəllimi

Qoşqar Bəylərov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR