Millimizin “Bakı-2017”də ilk qələbəsi - FOTO

Millimizin “Bakı-2017”də ilk qələbəsi - FOTO
22:22 11 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 11-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  "A" qrupunda yer alan Azərbaycan millisi "Bayıl Arena"da Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gəlib. İlk oyunda Kamerun yığması ilə heç-heçə (0:0) edən millimiz bu görüşdə qələbə qazanmaqla azarkeşləri sevindirmək arzusunda idi. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan millimiz 67-ci dəqiqədə Elşən Abdullayevin qolu ilə azarkeşləri sevindirib. Görüşün 80-ci dəqiqəsində Ağabala Ramazanov ikinci topu rəqib qapısından keçirib. Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və oyun 2:0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb.

Qrupun digər oyununda Kamerun və Mərakeş futbolçuları üz-üzə gəliblər. "Bayıl Arena"da təşkil olunan oyunda hesab açılmayıb.

İki turdan sonra hesabında 4 xal olan Azərbaycan və Mərakeş milliləri turnir cədvəlində ilk iki pillədə qərarlaşıblar. Kamerun 2 xalla üçüncü, hesabında xal olmayan Səudiyyə Ərəbistanı isə sonuncudur.

"B" qrupunda əvvəlcə Türkiyə və Oman yığmaları qarşılaşıblar. "AZAL Arena"da keçirilən görüşün 27-ci dəqiqəsində türkiyəli Melih Okutan hesabı açıb. İlk hissənin sonuncu dəqiqəsində Oğuzhan Kayar ikinci topu Oman millisinin qapısından keçirib. Görüşün birinci hissəsi Türkiyə yığmasının 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissəyə daha fəal başlayan Oman millisi 58-ci dəqiqədə Ahmed Əl-Matruşi, 63-cü dəqiqədə isə Salaah Əl-Yahyainin qolu ilə hesabı bərabərləşdirib. Görüşün 72-ci dəqiqəsində Türkiyə yığmasının qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Muhsen Əl-Qassani Oman millisini hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq, oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, Oman millisi Türkiyə yığmasını 3:2 hesabı ilə məğlub edib.

Digər matç "AZAL Arena"da Fələstin və Əlcəzair yığmaları arasında oynanılıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Görüşdə yeganə qol oyunun 63-cü dəqiqəsində qeydə alınıb. Fələstin millisinin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Fərid Əl-Məlali Əlcəzair millisinin qələbəsini rəsmiləşdirib - 1:0.

İki turdan sonra hesabında 6 xal olan Əlcəzair millisi turnir cədvəlinin birinci pilləsində yer alıb. Oman 4 xalla ikinci, Fələstin isə 1 xalla üçüncüdür. Türkiyə millisinin hesabında xal yoxdur.

IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsinə mayın 15-də yekun vurulacaq. Həmin gün "A" qrupunda Mərakeş-Azərbaycan, Kamerun-Səudiyyə Ərəbistanı, "B" qrupunda isə Oman-Əlcəzair və Türkiyə-Fələstin qarşılaşmaları keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR