"Kiyev Ukrayna nümayəndə heyəti ABŞ-ın ali rəhbərliyilə görüş üçün 400 min dollar ödəyib".
Publika.az xəbər verir ki, bu iddia ilə Ukrayna Ali Radasının deputatı Andrey Artemenko çıxış edib.
“Ukrayna tərəfi bu görüş üçün məşhur Amerika lobbi şirkətinə Ukrayna xalqından oğurlanmış 400 min dolları ödəyib”, - Artemenko Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, Amerika qanunvericiliyinə əsasən, bu haqda informasiya ABŞ Ədliyyə Nazirliyinin rəsmi resurslarında altı ay ərzində elan ediləcək.
Bundan başqa, Artemenko iddia edir ki, Ukrayna nümayəndə heyətinin ABŞ prezidenti Donald Tramp və vitse-prezident Maykl Penslə görüşü Trampın Rusiyanın xarici işləri Sergey Lavrov və ABŞ-ın Rusiyadakı səfiri ilə görüşünün kompensasiyası idi.
Deputat həmçinin bildirib ki, görüş altı dəqiqə davam edib.
Qeyd edək ki, Sergey Lavrovla ABŞ-ın dövlət katibi Reks Tillerson və Tramp arasında görüş mayın 10-də keçirilib. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert deyib ki, Lavrovla görüşdə Tillerson Rusiyaya qarşı sanksiyaların saxlanılacağını bildirib.
Qeyd edilib ki, ABŞ və Rusiya ikitərəfli məsələlərin həlli üzrə müzakirələrin davam etdirilməsi barədə razılaşıb.
Bir gün sonra isə ABŞ prezidenti Ağ Evdə Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə görüşüb. Görüşdə Klimkindən başqa, Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy və ABŞ-ın vitse-prezidenti Maykl Pens iştirak edib. Bildirilir ki, görüşdə Vaşinqtonun Kiyevə sonrakı dəstəyi müzakirə olunub. Donald Tramp Ukraynanın cənub-şərqindəki münaqişənin həlli üzərində ukraynalı partnyorlarla işləyəcəklərini bildirib.
Maykl Pens isə Minsk razılaşmalarını Ukraynada sülhün əldə olunması üçün ən real üsul olaraq qaldığını bildirib. Vitse-prezident həmçinin Klimkini inandırıb ki, ABŞ Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. O, Donbasda münaqişənin həlli üzərində Vaşinqtonun Kiyevlə işləmək arzusunu təsdiqləyib.
Ömər Dağlı