Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin iclası keçirilib

Türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin iclası keçirilib
18:23 12 May 2017
Ölkə mətbuatı
A- A+

Mayın 12-də Türkiyənin Antalya şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin 6-ci iclası keçirilib.

Tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə gömrük xidmətlərinin nümayəndələri qatılıb.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyilə nümayəndə heyəti təmsil edib.

Tədbirdə üzv dövlətlərin nümayəndə heyətləri rəhbərlərinin, eləcə də müşahidəçi kimi iclasda iştirak edən nümayəndə heyətləri rəhbərlərinin çıxışları dinlənilib.

Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səfər Mehdiyev çıxış edərək vurğulayıb ki, türkdilli dövlətlər arasında bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi və xüsusilə də gömrük işi sahəsində mövcud əməkdaşlıq əlaqələri dinamik inkişaf edir.

Qeyd olunub ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının istər gömrük işi, istərsə də digər sahələrdə əməkdaşlığı əhatə edən görüşləri artıq bir ənənə halına çevrilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gömrük Xidmətləri Rəhbərlərinin və Gömrük Əməkdaşlığı üzrə İşçi Qrupun iclaslarında müzakirə olunan məsələlər və qəbul olunan qərarlar üzv dövlətlər arasında ticarətin asanlaşdırılması, ticarət dövriyyəsinin artması, mal və nəqliyyat vasitələrinin, eləcə də tranzit qaydada daşınan yüklərin gömrük sərhədlərindən sürətli keçidinə nail olunması məqsədini daşıyır.

Səfər Mehdiyev diqqətə çatdırıb ki, tarixən olduğu kimi, bu gün də Azərbaycanın tranzit əhəmiyyəti artmaqdadır. Həm enerji daşıyıcıları, həm də digər yüklərin ölkə ərazisindən keçməsi burada daha müasir infrastrukturun yaradılmasını və sadələşdirilmiş sürətli sərhəd-keçid prosedurlarının tətbiqini zəruri edib. Azərbaycanın tranzit potensialının gücləndirilməsi üçün həyata keçirilən silsilə və kompleks tədbirlərə toxunan nümayəndə heyətinin rəhbəri, bu sahədə atılan mühüm addımlardan biri olaraq Bakı şəhərində yeni Beynəlxalq Dəniz Ticarəti Limanının inşa edilməsini nümunə göstərib.

Bildirilib ki, yeni liman kompleksinin yaradılması Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin tam gücü ilə işləməsinə əlverişli imkan yaradıb. Liman kompleksində fəaliyyət göstərən gömrük orqanları sadələşdirilmiş və sürətli gömrük prosedurlarını tətbiq etməklə ümumi işə öz töhfəsini verməkdədir.

Səfər Mehdiyev onu da söyləyib ki, Azərbaycan gömrük xidməti Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarətin və tranzit daşımalarının inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malik olacaq və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələcək fəaliyyətilə bağlı gömrük məsələlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə ötən ayın əvvəlində Bakı şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə tərəflərinin iştirakı ilə texniki görüş keçirilib. Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttində gömrük və sərhəd keçid prosedurlarını sürətləndirmək və onun maneəsiz və səmərəli fəaliyyətini təmin etmək üçün zəruri tədbirlərlə bağlı məsələlər müzakirə olunub.

Daha sonra Azərbaycan gömrüyündə informasiya texnologiyalarının tətbiqi, Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlər barədə məlumat verən Səfər Mehdiyev hazırda 14 elektron gömrük xidmətinin təqdim edildiyini bildirib.

Eyni zamanda, Azərbaycanda müvafiq məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə bir sıra fərman və sərəncamların imzalandığı və bu sənədlərdən biri - Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında dövlət başçısının fərmanı barədə də məlumat verilib.

Bundan başqa, Azərbaycan hökumətinin qərarı ilə xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin 2016-cı ilin 1 iyun tarixindən etibarən 3 il müddətinə yol vergisindən və dövlət rüsumundan azad olunduğu, dövlət başçısının fərmanı ilə təsdiq edilən “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nda göstərilən tələbləri yerinə yetirən şəxslərə gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydada aparılması üçün imkanlar yaradıldığı diqqətə çatdırılıb.

İclasın gedişi zamanı İpək yolu təşəbbüsü və Karvansaray layihəsinin gələcək fəaliyyəti, Səlahiyyətli İqtisadi Operator sistemi üzrə əməkdaşlığın möhkəmləndirilməsi və Ümumdünya Gömrük Təşkilatı ilə bu sistemə dair birgə seminarın təşkili müzakirə olunub, üzv dövlətlərin təlim proqramları ilə bağlı tələb və təklifləri öyrənilib.

Tərəflər Karvansaray layihəsi çərçivəsində həyata keçirilmiş praktiki səfərlərə dair hesabatların nəticə və tövsiyələrini təhlil etmək məqsədilə Karvansaray Layihəsi üzrə İşçi Qrupun görüşünü Azərbaycanda təşkil etmək, eləcə də Çinin Karvansaray layihəsinə rəsmi şəkildə daxil edilməsilə bağlı səyləri gücləndirmək barədə razılığa gəliblər.

Həmçinin iclasda “Gömrük hüquq mühafizə sahəsində əməkdaşlığa dair Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Üzv Dövlətləri arasında Anlaşma Memorandumu” təqdir edilib. Üzv dövlətlər sənədin 2017-ci ilin sonuncu rübündə Qırğızıstanda keçirilməsi planlaşdırılan 8-ci İpək Yolu Forumu çərçivəsində imzalanmasına hazır olduqlarını ifadə ediblər.

Sonda isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin 7-ci iclasının da gələn il Qırğızıstanda keçirilməsi qərara alınıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/198567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR