Qırıcı təyyarə formasında kaman, qumbara formalı tar, boş patron gilizlərindən düzəldilmiş qaval - FOTO

Qırıcı təyyarə formasında kaman, qumbara formalı tar, boş patron gilizlərindən düzəldilmiş qaval - FOTO
21:52 12 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadın Hacıcavadlı kənd sakini, 80 yaşlı Adil Əmirov ömrünün yarıdan çoxunu milli musiqi alətlərimizin hazırlanmasına həsr edib. Adil ustanın bu işə marağı ikinci sinifdə oxuyarkən oyanıb. Belə ki, taxta parçasından düzəltdiyi kiçik tar oyuncağı həmyaşıdlarının, həmçinin müəllimlərinin xoşuna gəldiyindən, onda bu işə böyük həvəs yaranıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Adil Əmirov tarla yanaşı, kamança, saz, nağara, qoşanağara və nəfəs alətlərimizin hazırlanması ilə də məşğuldur.

Qırıcı təyyarə formasında kaman, qumbara formalı tar, boş patron gilizlərindən düzəldilmiş qaval onun son hazırladığı maraqlı musiqi alətləridir.

Kamanın ön hissəsini qırıcı təyyarəyə bənzədən usta onun alt hissəsinə raketi xatırladan maketlər artırıb. Deyir ki, kamana əlavə olunmuş bu hissələr onun səsini daha da ecazkar edib.

Digər simli musiqi alətinin - tarın müəyyən hissəsi qumbara, simləri tənzimləyən başlıq hissə tapança formasındadır.

Adil Əmirov qavalın hazırlanmasında isə boş patron gilizlərindən istifadə edib. Onun sözlərinə görə, bu qavalda alətin səsi daha dolğun olur.

Qocaman sənətkar musiqi alətlərini silah-sursat formasında düzəltməklə dünyaya bir mesaj ünvanlayır: "Silahları insan qırğınına deyil, sülhə yönəldək".

Ömrünü musiqi alətlərinin düzəldilməsinə həsr edən bacarıqlı usta həm də bu alətlərin gözəl ifaçısıdır.

Adil ustanın əl işləri, hazırladığı musiqi alətləri dəfələrlə müsabiqələrdə, festivallarda və dövlət tədbirlərində nümayiş etdirilib, böyük marağa səbəb olub. O, bir çox fəxri fərman və diplomlara da layiq görülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR