Bizə qonşu olmayan dükanlar

Bizə qonşu olmayan dükanlar
10:24 13 May 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

 

Qonşuluğumuzda bir dükan var.  Balaca pəncərəsindən  adamlar içəri boylanır. Hərdən də belə olur: içəridən iki əl çölə çıxır, çörək, qənd, yağ, siqaret və başqa  şeyləri çöldə dayanan adamların  ovcuna qoyur. Dolan ovuclar  geri qayıdır.  Elə də olur ki,  adamlar seyrələn və heç olmayan vaxt çöldəki adam başını lap içəri salır. Bilirsən ki, xəlvət nəsə deyir. Elə yavaşça deyir ki, yanında adam olsa belə, yenə  nə dediyini eşidə bilməz. Çünki  dükanın alış-veriş yeri bir adamın əlləri və başı girə biləcəyi böyüklükdədir.

 

 

Baş ki alış-veriş yerindən içəri girdisə, deməli, o  adam nəyisə nisyə almaq istəyir. Əgər başı  sözü deyən kimi o saat geri qayıtdısa, deməli, cavab yüz faiz “yox”dur.  Əgər  baş bir az içəridə ləngidisə, deməli,  satıcı razılaşıb. Sonra içəridəki əllər çölə  xeyli çörək, çay, qənd, yağ,  yuyucu maddələr  və  başqa məhsulları çıxardır. Alıcı həmin əşyaları  yanındakı övladının ayaqlarının yanına düzür. Uşaq sevindiyindən atılıb düşür. Amma xəbəri yoxdur ki, anası  nəyə görə bayaq  başını içəri salıb. İndi uşağın fikri-zikri   ərzaq məhsullarının içindən uduşlu  şokoladlarını axtarmaqdır. Ağlamağa başlarkən, içəridəki əl çöldəki əlin ovcuna  iki şokolad qoyur.

 

 

Dükanın yöndəmsiz quruluşu küçəmizi pis göstərsə də, hamı ondan asılıdır.  Pəncərəsinin ətrafı  qapqara kirdir. Çünki  siqaret  almağa gələn fəhlələr  növbə gözləyərkən  mazutlu əllərini  divara söykəyiblər. Lap yuxarıda elektrik məftillərinin  sarğısı milçək tutan lent kimi havada sallanır. Hərdən külək onu o tərəf-bu tərəfə yelləyir. Elə bil, adamları sayır. Naşı  adamlar  sarğının  gözlərinə  dəyməyindən ehtiyat  edərək tez-tez başlarını geri atırlar. Divara  səliqəsiz vurulan boya insanların  əhval ruhiyəsini təlx edir. Bu azmış kimi, dəmirdən olan alış-veriş  pəncərəsi də  divarın boyasına  bulaşıb. Külək  tərpətməsin deyə pəncərənin bir tayı 3-4 yerdən calaq edilmiş kəndirlə  bağlanıb. Kəndirin ucu  yuxarıdakı şiferin altındakı taxtaya  azacıq vurulmuş iki yüzlük mismara bərkidilib. Sonra deyəsən mismar çıxıb. Sonra həmin mismarı  yenə üç-dörd yerdən  calaq edilmiş kəndirlə   şiferin altındakı kubikə  bağlayıblar.

 

 

Dükanın hər bir tərəfi səliqəsiz olmasına baxmayaraq, uşaqların ən sevimli yeri onun qabağıdır. Boyları  alış-veriş bacasına çatmasa da, içəridə nələrin olduğunu təsəvvür edirlər. Çünki ola bilsin ki, onlar bir dəfə də olsa,  valideynlərinin qucağında içəri baxa biliblər. Amma valideynlərin nisyə aldıqları şeylərdən xəbərsizdilər. Hələ nisyə sözünü eşitməyiblər. Ola bilsin ki, kənarda dayanan o sarı saç uşağın  atası bir neçə dəfə onu siqaret və araq dalınca göndərib. Amma nisyə deməyib.  Eləcə deyib ki, pulu sabah tezdən işə gedən kimi verəcəyəm.  Amma verməyib. Guya  Bakıda Beynəlxalq oyunlar keçirilir deyə baş qarışıq olduğundan yaddan çıxıb və ya maaşı gecikdirilib.

 

Tərslikdən dükan   küçəmizin çıxışındadır. Hara getsən,  gəlib bu dükanın qabağından keçməlisən. Ola bilsin ki, o sarısaç uşağın atası yolunu daha bu dükanın qabağından salmır. Evə uzaq yolla gəlir, mazut gölməçələrinin içindən keçir 100 metrlik yolu 2 kilomer eləyib gəlir.

 

 

Bu səhər çörək almağa gedəndə  uçuq-sökük bu dükanın divarında iri bir vərəqə kompüterlə yazılmış bir elan gördüm. “Üz vurmayın, nisyə mal verilmir”. Uşaqlar o ağ vərəqə baxıb  sevinirdilər.  Hələ ki, oxuya bilmirdilər. Elan dükanı təzə göstərirdi.

 

 

Daha adamlar başını dükana salmırdı. Elanı oxuyub düz keçib gedirdilər. Daha bu dükan bizə qonşu deyildi, yad  idi. Avropadan gəlmişdi.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR