Ukraynanın Luqansk vilayətində azərbaycanlı iş adamı itkin düşüb.
Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1970-ci il təvəllüdlü İsmayılov İsmayıl Qulu oğlu vilayətin Lisiçansk şəhəri ətrafında yaşadığı mülkdən yoxa çıxıb.
İş adamının səhər evdən çıxdığı və artıq bir həftədir geri dönmədiyi, onunla əlaqənin kəsildiyi bildirilir. İ.İsmayılov kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Xatırladaq ki, Luqansk münaqişə bölgəsi olsa da, Lisiçansk
Ukraynanın nəzarətindədir.
Qeyd edək ki, son vaxtlar Ukraynada bir sıra azərbaycanlı iş
adamları, bəzilərinin isə övladları oğurlanır və onların sərbəst
buraxılması üçün pul tələb olunur. Bir müddət öncə isə Azərbaycan
şirkətlərinə məxsus 20-dən çox yük maşını oğurlanıb.