Xalaoğlusu olmayan qızların qarıması

Xalaoğlusu olmayan qızların qarıması
23:22 14 May 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəfiqəm Zənurə deyir ki, onun doğulub-böyüdüyü əyalətdə evində yeddi qızı olan ailələrin qapısını nadirən elçilər döyür.

Hansı məntiqlə?
O məntiqlə ki, yeddi qızı olan kişi üçün qızları heç bir əhəmiyyət kəsb etmir. Yəni yeddi qızı olan ata-ana nə yaxşı cehiz verəcəklər, nə də düz-əməlli qaynatalıq-qaynanalıq edə biləcəklər.
Sərt məntiqdir. Amma azərbaycanlı məntiqidir.
Milli.Az dushunce.az-a istinadən bildirir ki, əvəzində çoxlu qardaşın tək bacıları gələn elçilər sarıdan kefdədirlər. Elçilər bu tək bacılardan ötəri lap qapının dabanını çıxarırlar. Nəinki uzaq əyalətlərdə, hətta bizim doğma Bakımızda da ailənin sonuncu, yaxud tək oğluna qızlar bir göz qırpımında ərə gedirlər. Lap gözlərini yumub gedirlər. Yenə qəribə azərbaycanlı məntiqiylə ki, ata-ananın mənzili evin sonbeşik oğluna qalacaq. "Bəh-bəh! Ata-anadır da, onlar da bu gün-sabahlıqdırlar, dünyanı tutub getməyəcəklər ki. O boyda ev-eşik, cah-cəlal kimə qalacaq, əlbəəttə sənə". Qız tərəfindən qohum-əqrəbanın qıza verdiyi öyüd-nəsihətdən bu da sizə bir cümlə!

Ən çox qarımağa namizəd qızlar yaşıd xalası oğlu olmayan qızlardır. Bibioğlular, əmioğlular, dayıoğlular bir yanadır, xalaoğlular bir yana. Baldızqızı, qayınqızı, hətta qardaşqızlarını belə özünə yaxın qoymayan gələcək qaynanalar ancaq və ancaq bacıqızlarını oğullarına və özlərinə layiq görürlər. Narkoman, əyyaş oğullarına belə bacısı qızlarını alıb bacı uşağını bədbəxt edən nə analar var bizim Gülüstanda! Çox vaxt da "çörəyi yada verincə, öz bacımın balasına verərəm!" məntiqiylə.

Qardaşı olmayan sonbeşik qızlar da ər tapmaq sarıdan kefdədirlər. Yenə azərbaycanlı başı burda yaxşı çalışır ki, qardaşı yoxdur, onların gələcək gəlinləri yeganə varis ola bilər.

Görəsən, azərbaycanlılar çox kasıb olduqlarına görə bu axmaq düşüncələrin arxasınca qaçırlar? Yoxsa onlar doğrudan da bu qədər düşüncəsizdirlər?
Şəxsən bir azərbaycanlı olaraq, mən özüm bu suala cavab tapmaqda çətinlik çəkirəm.
Yaxşı ki, gənclər arasında müasir düşüncəli gənclər də var. Bu gənclər ruhuna və beyninə uyacaq birini hər yerdə axtarırlar. Təkcə qohumlar arasında, xalaların, bibilərin daşıyıb gətirdiyi cürbəcür qız-oğlan fotolarının arasında, şadlıq evlərində deyil. Kitabxanalarda, internet forumlarda, yaradıcılıq evlərində, sərgi salonlarında.

Mən uşaqlıqda ata-anamla birgə baxdığım "Bobbi" adlı məhşur hind filmindən başqa heç yerdə nə gördüm, nə eşitdim ki, hansısa ailənin təməli kitabxanada qurulub. Orta statistik azərbaycanlının məntiqinə görə internetdə, kitabxanada, təsadüfi tanışlıqlar qurmaq düzgün deyil. Hətta onlar belə deyirlər: "əxlaqlı qızlar heç vaxt təsadüfi adamlarla tanış olmazlar".

Azərbaycanlı valideynlər övladlarının gizli sevgisindən xəbər tutanda az qala bu xəbəri faciə kimi qarşılayırlar. Axı hər birinin öz gözaltısı var doğma balası üçün. Aman, görəsən, onlar indi harda səhvə yol veriblər ki, əziz qızları, ya oğulları kiminsə toruna düşüb?! İlk təşviş dolu sual bu olur. Hardan tapmısan onu? Haralıdır? Hansı kənddəndi? Kimlərdəndi? Ata-anası kimdi? Nəçidirlər? Atası nə işləyir?
Hə, alınan cavablar faciəli deyilsə, yalnız sonuncu sual əsl qəhrəmanın özünə aid olur. Evi, işi var? Ev qızıdı, təmiz qızdı? Bu ev qızı söhbəti də yaman mırt söhbətdi.

Əyalətlərdə bu soruşdurma, araşdırma ucbatından onlarla qız evdə qalıb. Yadımdadı, dayım evlənmək istəyirdi. Yazıq kimin adını tuturdusa, nənəm balağını əlinə alıb araşdırma dalınca yollanırdı. Üç gün keçməmiş həmin qızın nəsil-nəcabətində mütləq bir ayağısürüşkənlik, boşluq tapır, dayımı sevdasından vaz keçirirdi.
Dayımın evlənmək istədiyi qızlardan gah birinin xalası əxlaqsız çıxırdı, digərinin əmisi qız zorlamışdı, o birisinin anası həyasız idi, bir başqasının bacısı gedib-qayıtmışdı.
Söhbətə bax, ay Allah! Beləcə axırda dayım bezdi, "gedin, kimi istəyirsiniz, bəyənin, alın" - deyə nənəmin ürəyindən tikan çıxartdı.

Azərbaycanlı heç bir sahədə bu qədər ciddi olmur. Ailə qurmaq məsələsinə gələndə, azərbaycanlı qətiyyən səhv etmək istəmir. Onların tikdiyi körpülər yıxılsa, binalar uçsa, məktəblər dağılsa, meşələri alovlansa, çayları qurusa, əsla bu qədər təşvişə düşməzlər.

Qurduqları ailələr çox möhkəm olmalıdır. Əslində bu pis cəhət deyil. Amma kaş ki, azərbaycanlılar bütün sahələrdə bu qədər canfəşanlıq, götür-qoy edəydilər, yüz ölçüb bir biçəydilər.

Ərimin iş yoldaşları arasında bir kişi var. Bu yaxınlarda toyu idi. Amma toy günü şadlıq evindəcə toyları əsl qalmaqala çevrildi. Gəlinlə-bəy elə ordaca ayrıldılar. Çox gülməli bir səbəbdən. Gəlin toyda öz xalası oğluyla vals oynadığına görə.

Azərbaycanlının evlənmə məsələsində əsas şərtlərindən biri də gəlinin bakirəlik məsələsidir. Bu yaxınlarda internet forumlarında bu məsələnin gəncləri Qarabağ savaşından daha çox məşğul etdiyinin şahidi oldum. Bütün qızlar-oğlanlar med. forumdakı həkimə xorla bir sual ünvanlayırdılar.
Qızlar: "Anadangəlmə qızlıq pərdəsi olmaya bilərmi, bunu necə yoxlaya bilərəm. Çox narahatam". Oğlanlar: "Toy gecəsi necə təyin etmək olar ki, gəlinin qızlıq pərdəsi əsl qızlıq pərdəsidir, yoxsa nə vaxtsa tikdirib? Qabaqcadan evlənmək istədiyin qızı həkimə aparıb müayinə elətdirmək etik deyil. Belədə, bəs bunu necə bilmək olar?"
Səhiyyə Nazirliyi ailə qurmağa hazırlaşan gənc oğlan və qızlara həkim müayinəsindən keçməyi tövsiyyə edir. Bu boyda ciddi məsələni çox nadir insanlarımız nəzərə alır. Onları maraqlandıran əsas məsələlər dedi-qodu söhbətləri, cehiz, mal-mülk məsələləri və bakirəlikdir. Və üstəgəl qız evinin və oğlan evinin irəli sürdüyü min cür axmaq şərt. Toy filan restoranda olmalıdır, filan qızıldan gəlməlidir və s.

Çox sevdiyim "Bəyin oğurlanması" filmində rejissor toy adətlərimizə həm də ironik nəzər gəzdirir. Bir-birini sevən cütlük qızın atasının tərsliyi ucbatından vüsala çata bilmirlər. Filmin sonlarına doğru əsl səbəb ortaya çıxır. Qızın atası gəncliyində oğlanın anasına vurulubmuş.
Azərbaycanlıların ölüm-dirim məsələlərindən birincisi, bütün dedi-qodu söhbətlərinin də giriş mövzusu evlənmək məsələsidir. Və azərbaycanlıların ən çox sevdiyim atalar sözü də budur: "Qonşum qonşu olsa, kor qızım ərə gedər". Əlbəttə, onların hər biri özünün yaxşı qonşu olub-olmadığı haqqında düşünmürlər. Bu yaxınlarda "Çox film hareketler bunlar" adlı yeni türk komediya-filminə baxdım. İçində maraqlı bir süjet vardı. Buraxılış gecəsinə getməyə hazırlaşan gənc qız gecəyə geymək üçün seçdiyi paltarı anasına göstərib soruşur: "Anne, ben bu elbiseyi giysem, bir sakıncası olmaz ki? Akşam da ola bilsin gec qaldım bir az. Amma merak etme. Okul arkadaşım beni eve ötürecek". Anası tərəddüdlə deyir: "Kızım, vallahi, ben bir şey demiyorum. Amma el-alem nə deyer?"

Qız paltar əlində qapı-qapı düşüb bütün qonşularının qapısını bircə-bircə döyür, anasına verdiyi sualı onlara da ünvanlayır. Biz azərbaycanlılar evlənməmişdən qabaq da eynən bu cür qapı-qapı düşüb başqalarından soruşuruq: "Filankəslə evlənmək, filankəsə ərə getmək istəyirəm, sizin bu barədə fikriniz nədir? Sizcə, o, yaxşı namizəddir, ya yox?"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR