Azərbaycanın paracüdoçuları İslamiadanı 11 medalla başa vurdular - FOTO

Azərbaycanın paracüdoçuları İslamiadanı 11 medalla başa vurdular - FOTO
23:32 14 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışının ikinci günündə atletlərimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 66 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Elçin Talıbov finalda digər təmsilçimiz Bayram Mustafayevi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu çəki dərəcəsində üçüncü yeri Türkiyə təmsilçisi Recep Çiftçi tutub.

Yarışda 73 kiloqramda çıxış edən "Rio-2016" XV Yay Paralimpiya Oyunlarının çempionu Ramil Qasımov həlledici qarşılaşmada özbəkistanlı Feruz Sayidov üzərində inamlı qələbə qazanaraq qızıl medal əldə edib. Bu çəki dərəcəsində bürünc medallar Azərbaycan idmançıları Natiq Talıbova və Əlcəzair təmsilçisi Yusef Racaya nəsib olub.

Doxsan kiloqram çəki dərəcəsində bürünc medal uğrunda görüşdə idmançılarımız Rövşən Səfərov ilə Tofiq Məmmədov qarşılaşıblar. Rəqibindən aşkar üstün olan Rövşən Səfərov ipponla qalib gələrək "Bakı-2017"ni üçüncü yerdə başa vurub. Bu çəki dərəcəsində çempion adına finalda iranlı Mohammad Ali Şananini məğlubiyyətə uğradan Özbəkistan idmançısı Şuxrat Boboyev layiq görülüb.

Yarışda 100 kiloqramdan yuxarı çəki dərəcəsində təmsilçimiz Kənan Abdullaxanlı qızıl medal uğrunda görüşdə Özbəkistan idmançısı Şirin Şapirovla dueldən məğlub ayrılıb və Oyunların gümüş medalı ilə kifayətlənib.

Həmin çəkidə mübarizə aparan digər təmsilçimiz - ikiqat Olimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev (+100 kq) üçüncü yeri tutub. Bürünc medal uğrunda təmsilçimiz türkiyəli Dursan Hayranı mübarizədən kənarlaşdırıb.

Qalib idmançılara medalları Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend və nişanlar üzrə direktoru Daniel Tomlinson təqdim ediblər.

Beləliklə, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında idmançılarımız ümumilikdə 20 medal - 8 qızıl, 9 gümüş və 3 bürünc qazanıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR