Azərbaycanın bədii gimnastları İslamiadada 7 medal qazanıblar

Azərbaycanın bədii gimnastları İslamiadada 7 medal qazanıblar
23:32 14 May 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 14-də Milli Gimnastika Arenasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika üzrə fərdi yarışları başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışlar dörd hərəkət üzrə (lent, gürzlər, top, halqa) keçirilib.

Azərbaycan gimnastları ümumi hesabda yeddi medal qazanıblar. Belə ki, Marina Durundanın aktivində iki qızıl, bir gümüş və bir bürünc medal var. Jalə Piriyeva isə bir qızıl, bir gümüş və bir bürünc medala sahib olub.

Halqa ilə hərəkətlər üzrə fərdi yarışlarda 17.600 xal toplayan M.Durunda çempion olub. Digər idmançımız Jalə Piriyeva isə 16.050 xalla üçüncü yeri tutub. Gümüş medalı isə 16.450 xalla özbəkistanlı Anastasiya Serdyukova qazanıb.

Jalə Piriyeva topla hərəkətlər üzrə fərdi yarışlarda bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub. O, 17.550 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər gimnastımız Marina Durunda isə 15.800 xalla bürünc medalla kifayətlənib. İkinci yeri isə Özbəkistan gimnastı Anastasiya Serdyukova (16.950 xal) tutub.

Gimnastımız Marina Durunda gürzlərlə yarışda 16.550 xalla gümüş medal əldə edib. Yarışda fəxri kürsünün ən yüksək pilləsinə Özbəkistan gimnastı Anastasiya Serdyukova qalxıb. O, 16.900 xal toplayıb. Üçüncü yeri isə onun həmyerlisi Sabina Taşkenbayeva (16.300 xal) tutub.

Marina Durunda lentlə yarışda 15.450 xalla qızıl medala layiq görülüb. İkinci yeri də Azərbaycan gimnastı tutub. Jalə Piriyeva eyni xalla gümüş medala sahib olub. Bürünc medalı isə Özbəkistan gimnastı Sabina Taşkenbayeva (14.950 xal) qazanıb.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi olub. Medalları qaliblərə Azərbaycan Gimnastika Federasiyasının virse-prezidenti Altay Həsənov və Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinatri Vatanabe təqdim ediblər.

Xatırladaq ki, Azərbaycan gimnastlasları ötən gün keçirilən komanda yarışlarında da qızıl medala layiq görülüblər.

Qeyd edək ki, həm dünya, həm İslam aləmi üçün önəmli olan bu Oyunların proqramına ilk dəfə olaraq gimnastika idman növü də daxil edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR